×
A
A
A
Sazlamalar

Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır

Bakı, 24 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabrın 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisindəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, on beşinci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq.
Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.

Sosial 2020-10-24 09:30:00