×
A
A
A
Sazlamalar

Gürcüstan pandemiya səbəbindən “qırmızı” zonaya keçdi

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirus yayılmaqda davam edir. Bütün tədbirlərə baxmayaraq COVID-19 virusunun yayılması kütləvi hal alıb. Bu səbəbdən də Gürcüstan “narıncı” zonadan “qırmızı” zonaya keçib.
AZƏRTAC bürosu xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanda yoluxmanın pik dövrü noyabrın ikinci-üçüncü həftəsində yaşanacaq.
A.Qamkrelidze ölkə əhalisini son dərəcə ehtiyatlı olmağa, tibbi maskalardan hətta açıq havada da istifadə etməyə, ciddi ehtiyac olmadığı halda evdən çıxmamağa çağırıb.
Mərkəzin rəhbəri ölkədə əhalinin koronavirusla bağlı test olunması məsələsinə də toxunub. Bildirib ki, hazırda ölkə əhalisinin hər milyon nəfərindən 213 mini test olunub. Hər gün ölkə üzrə 10 minə yaxın test aparılır ki, bu da pandemiya şəraitində yaxşı göstərici hesab olunur.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-24 01:32:00