×
A
A
A
Sazlamalar

AMEA Naxçıvan Bölməsində “Bir millət iki dövlət: qovuşan mədəniyyət” mövzusunda məruzə dinlənilib

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev bu qurumun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarovu, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazovu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovu və həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanı bir neçə kitabın uğurlu tərcüməsinə görə şəxsi işlərinə yazılmaqla təşəkkür elan edib.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Bir millət iki dövlət: qovuşan mədəniyyət” mövzusunda elmi məruzəsi dinlənilib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə açılan “Bir millət-iki dövlət”in “Ümid” körpüsü ölkələrimiz arasında iqtisadi əlaqələrlə yanaşı, həm də mənəvi-tarixi dəyərləri möhkəmləndirib. Körpü iki qardaş ölkə arasında elm və təhsil mübadiləsinə də böyük vəsilə olub.
Məruzəçi Naxçıvan ilə Türkiyə arasında çoxşaxəli mədəni əlaqələrdən bəhs edərək müxtəlif illərdə təşkil edilən beynəlxalq səviyyəli tədbirləri, konfrans və simpoziumları, o cümlədən təşkil olunan sərgiləri xatırladıb. Vurğulanıb ki, bu gün Türk dünyasını birləşdirən “Ümid” körpüsündə qovuşan mədəniyyət daha da inkişaf edərək çiçəklənməkdədir.
Gündəliyə çıxarılan digər məsələ Naxçıvan Bölməsinə hamiliyə verilmiş tarix, biologiya, kimya, fizika, tərcümə (Ərəb-Azərbaycan, Fars-Azərbaycan) ixtisaslarında təhsil alan tələbələrlə praktik tədbirlərin keçirilməsi ilə bağlı olub. Mövzu ilə bağlı Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev, Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov, Bioresurslar İnstitutunun direktor müavini, biologiya elmlər doktoru İsmayıl Məmmədov və Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış ediblər.
Sonra “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərinin şagirdləri ilə görüş və praktik məşğələlərin keçirilməsi barədə bölmənin elmi katibi Rəşad Zülfüqarov məlumat verib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyətinin qərarı qəbul edilib. Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq elmlər doktoru İnara Məhərrəmova sözügedən jurnalının redaksiya heyətinə üzv seçilib.

Regionlar 2020-10-23 21:42:00