×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondu Qırğızıstanın İpoteka Şirkəti ilə təcrübə mübadiləsi aparıb

Bakı, 23 oktyabr, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ixtisaslaşmış xarici ipoteka və kredit zəmanət təşkilatları ilə regional və beynəlxalq təcrübənin öyrənilməsi, habelə təcrübə mübadiləsinin həyata keçirilməsi işini davam etdirir.
İKZF-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 23-də əməkdaşlıq çərçivəsində fondla Qırğızıstanın “Dövlət İpoteka Şirkəti” ASC arasında videoformatda təcrübə mübadiləsi həyata keçirilib. Görüşdə İKZF-nin və Qırğızıstanın ipoteka şirkətinin rəhbərliyi, habelə Qırğızıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı ilk olaraq Qırğızıstan nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, o cümlədən sentyabrın 27-dən düşmənin hərbi təxribatları və Azərbaycan Ordusunun öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verilib. Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanda qismən hərbi səfərbərlik elan edilib, onlarla strateji yüksəklik, xeyli sayda yaşayış məntəqəsi və kənd düşmən işğalından azad olunub. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini raket atəşinə tutması və mülki obyektlərə ziyan vurmasından danışılıb. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkindirməyə səsləməlidir.
Qarşı tərəf, öz növbəsində, ölkəmizin ərazi bütövlüyünün tanınması istiqamətində Azərbaycanın haqq səsinin qardaş qırğız xalqı tərəfindən dəstəkləndiyini bir daha bəyan edib.
Təcrübə mübadiləsi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin verilmə şərtləri, ipoteka kreditlərinə zəmanətlərin verilməsi qaydası, habelə “Elektron ipoteka və kredit zəmanət sistemi”, vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, mövcud elektron sistem ən müasir texnoloji platforma üzərində qurulub və fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya olunub.
Qeyd edək ki, “Dövlət İpoteka Şirkəti” ASC Qırğızıstan Respublikası hökumətinin təşəbbüsü ilə vətəndaşların yaşayış sahələrinə əlçatanlığının artırılması və mənzil təminatı probleminin həlli məqsədilə 2015-ci ildə təsis edilib.

Maliyyə 2020-10-23 16:21:00