×
A
A
A
Sazlamalar

Muxtar respublikada aztəminatlı ailələrin problemləri həll olunur

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon və şəhər icra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların problemləri öyrənilir, həlli ilə əlaqədar tədbirlər görülür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin tədbirlərin davamı olaraq Şərur rayon Düdəngə kəndində və Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Qurbanovlar və Məmmədovlar ailələrinə baş çəkilib.
Tədbirdə iştirak edən təşkilatların əməkdaşları əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Sonda ailələrə ehtiyaclarına uyğun kömək göstərilib. Aztəminatlı ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.

 

Regionlar 2020-10-23 16:13:00