×
A
A
A
Sazlamalar

Quram Marxuliya: Azərbaycan-Gürcüstan münasibətləri nümunəvi xarakter daşıyır

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Gürcüstan və Azərbaycan bənzərsiz münasibətlərə malikdirlər və bu münasibətlər strateji xarakter daşıyır. Ölkələrimiz arasındakı əlaqələrin daim yüksək səviyyədə olması Gürcüstanın və Azərbaycanın liderlərinin xarici siyasətində prioritetdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq Quram Marxuliya söyləyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq yalnız siyasi deyil, həm də iki ölkə arasında qarşılıqlı faydalı təmasların əsas katalizatoru olan iqtisadi sahə ilə bağlıdır. Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı Türkiyəni də əhatə edir və bizim bütöv üçlüyümüz var. Hər üç ölkə Azərbaycandan neft və təbii qazın dünya bazarlarına çıxarılması üçün nəqliyyat- kommunikasiya xətlərinin yaradılması sahəsində səmərəli əməkdaşlıq edir.
G.Marxuliya deyib ki, bölgədəki geostrateji tərəfdaşlıq Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin keyfiyyətini dəyişdirməyə imkan yaradır.
Onun sözlərinə görə, tərəflər arasında daha dərin qarşılıqlı əlaqə üçün formatlar axtarılır. Bugünkü siyasi reallıq Cənubi Qafqazın təhlükəsizliyi üçün yeni addımlar atmağa imkan verir. Nəticədə iki ölkə arasındakı münasibətlər daha da inkişaf edəcək. “İnanıram və əminliklə söyləyə bilərəm ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün dünya üçün nümunədir”, – deyə Q.Marxuliya vurğulayıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2020-10-23 16:08:00