×
A
A
A
Sazlamalar

Gürcüstan ilə Azərbaycan dost, qonşu ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşlardır

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Gürcüstan ilə Azərbaycan dost, qonşu ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşlardır. Bizim münasibətlərimiz təkcə paytaxt şəhərlər arasında deyil, regionlarımız arasında da sürətlə inkişaf edir. Bizim münasibətlərimiz strateji tərəfdaşlığın ən yüksək formasıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili deyib.
Onun sözlərinə görə, Azərbaycan heç vaxt Gürcüstana dost köməyini əsirgəməyib. Biz bunu Azərbaycan dövlətinin Gürcüstanın Kvemo Kartli bölgəsinə də yardımlarında, yatırdığı sərmayələrdə və həyata keçirdiyi sosial layihələrdə görürük.
Qubernator deyib ki, bunun bir səbəbi xalqlarımız arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin olmasındadır. Digər vacib səbəb isə dövlət və hökumət başçılarımızın əlaqələrimizin inkişafına xüsusi diqqət göstərməsidir. Dövlət və hökumət başçılarımızın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinin ən yüksək formasıdır.
Qubernator deyib: “Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev Gürcüstan ilə münasibətlərə xüsusi önəm verir. Gürcüstan hökuməti də strateji tərəfdaş kimi Azərbaycana eyni münasibət bəsləyir. Bu gün biz həm iki qonşu olaraq birgə layihələrdə, həm də beynəlxalq münasibətlərdə və layihələrdə birgə səmərəli əməkdaşlıq edirik. Bu da bizim dostluğumuzun və qardaşlığımızın qarantıdır”.
Qubernator deyib ki, Azərbaycan şirkətlərinin Gürcüstanda gördüyü işlər yüksək qiymətə layiqdir. Bildirib ki, Gürcüstanda SOCAR, Akkord və digər şirkətlərin, eləcə də Azərbaycanda gürcü iş adamlarının yüksək fəaliyyəti dövlət siyasətinin bariz nümunəsidir.
Şota Rexviaşvili Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq etdiklərini, ərazi bütövlüyü məsələsində bir-birinə daim dəstək verdiklərini qeyd edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2020-10-23 16:01:00