×
A
A
A
Sazlamalar

Azərbaycanın İranla həmsərhəd ərazilərinin işğaldan azad olunması hər iki ölkənin həmin bölgələrinin inkişafına güclü təkan verəcək

Bakı, 23 oktyabr, AZƏRTAC

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.
İşğal edilmiş ərazilər “qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan, Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir, onun 132 kilometri uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Bununla həm də işğal edilmiş ərazilərdən İrana doğru uzanan “qara əllər” və “qara yollar” kəsildi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqlarını təbrik etdi.
Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.
Azərbaycanın işğal altında olmayan əraziləri tərəfdən Azərbaycan və İranın bölgələrinin sosial-iqtisadi inkişafı ilə işğal altında olan ərazilərdə mövcud vəziyyətin müqayisəli təhlili aydın göstərir ki, qarşıdan gələn dövrdə bu bölgələri hansı gözəl perspektivlər gözləyir.
Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək, artıq “Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 faizi tamamlanıb.
Son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmazlığı müşahidə edilirdi, Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə artıq bu problemin də həllində dönüş yaranacaq.

Siyasət 2020-10-23 15:56:00