×
A
A
A
Sazlamalar

Qarabağ qazisi: Otuz ildən bəri həsrətində olduğumuz Qarabağımızdan şad xəbərlər eşidirik

Kürdəmir, 23 oktyabr, AZƏRTAC 

Hər gün Azərbaycanımızın bir parçası olan və otuz ildən bəri həsrətində olduğumuz Qarabağımızdan şad xəbərlər eşidirik. Eşidirik ki, şanlı ordumuz erməni işğalçılarının tapdağı altında olan o yerləri təmizləyərək irəliləyir. Füzulimiz, Cəbrayılmız, Zəngilanımız, Hadrutumuz, Suqovuşanımız, Xudafərinimiz, çoxlu sayda kəndlərimiz azad edilib. Zəngilanımızdan sonra İranla olan bütün sərhədlərimiz tam nəzarətə götürülüb. Artıq torpaqlarımızın işğalçılardan tamamilə azad ediləcəyi gün yaxınlaşır. O gün ki, uzun illərdən bəri həsrətindəyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Kürdəmirdən olan Qarabağ qazisi, II qrup əlil Hikmət Əsgərli söyləyib.
Mən birinci Qarabağ müharibəsində döyüşmüşəm. Bugünkü Azərbaycan o vaxtkı ölkə deyil. Ordumuz, hərbi gücümüz, müasir silahlarımız və döyüş taktikamız bizləri fərəhləndirir. Erməniləri və onların havadarlarını isə təəccübləndirir. Bütün bunlara görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Qazanılan uğurlar məhz Prezidentimizin düşünülmüş iqtisadi, siyasi, hərbi, diplomatik fəaliyyətinin nəticəsidir. İnşallah ailəmlə tezliklə Şuşaya, sonra da Kəlbəcərə gedəcəyəm. O yerlərin suyunu içəcək, havası ilə nəfəs alacağam. Bax, o zaman birinci Qarabağ döyüşlərində çəkdiyim əzablı günlər mənim üçün yalnız bir xatirə olaraq qalacaq”, – deyə Hikmət Əsgərli bildirib.

 

Regionlar 2020-10-23 14:31:00