×
A
A
A
Sazlamalar

Özbəkistanda keçirilən “Dəyərin yüksək olsun, ana dilim” müsabiqəsində Azərbaycan şairi birinci mükafata layiq görülüb

Daşkənd, 23 oktyabr, АZƏRTAC

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Dövlət dilinin inkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və digər əlaqəli qurumların təşəbbüsü ilə özbək dilinin daha da populyarlaşdırılması məqsədilə keçirilən “Dəyərin yüksək olsun, ana dilim” müsabiqəsinə yekun vurulub.
Tədbirdə Özbəkistandan başqa ABŞ, Çin, Türkiyə, Rusiya, Cənubi Koreya, Fransa, İran və Mərkəzi Asiya dövlətlərinin 60-dan artıq nümayəndəsi iştirak edib.
Ölkəmizdən bu müsabiqəyə Azərbaycan şairi Şahməmməd Dağlaroğlu qatılıb.
AZƏRTAC xəbər verir ki, Daşkənddə baş tutan müsabiqə nəsr, nəzm, publisistika, sosial video, özbək dilinin xaricdə təbliği nominasiyaları üzrə keçirilib.
Özbək dilinin xaricdə təbliği nominasiyasında Şahməmməd Dağlaroğlu müsabiqənin birinci mükafatına layiq görülüb.
Şahməmməd Dağlaroğlu müsabiqəyə onlayn qatılıb, özbək xalqını və dilini çox sevdiyini bildirib, klassik və müasir özbək şairlərini Azərbaycan dilinə çevirdiyini qeyd edib. Bu nominasiyada birinci mükafatın ona verilməsindən məmnun olduğunu bildirib. O, əməkdaşlıq üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, həmçinin tərcüməçi Şəhla Qasımovaya minnətdarlıq edib, yaradıcılıq planlarından danışıb.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2020-10-23 14:05:00