×
A
A
A
Sazlamalar

“Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin III-IV cildləri çapdan çıxıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin III və IV cildləri çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin III cildinə daxil edilmiş materiallar 2006–2007-ci illəri, IV cildi 2008–2010-cu illəri əhatə edir. Poliqrafik cəhətdən nəfis şəkildə nəşr olunmuş bu kitabda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti vahid sistem halında tədqiq olunub. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri, elmi əsaslara söykənən sosial-iqtisadi strategiya, düşünülmüş siyasi kurs, mədəni quruculuq və digər məsələlər barədə geniş təhlillər aparılıb.
“Heydər Əliyev irsi və Qafqazda sülh prosesi”, “Təhsilin inkişafında yeni mərhələ”, “Xalqa layiqli xidmət məramı”, “Qadınlar nəciblik simvoludurlar”, "Rəylər. Düşüncələr. Təbriklər.” və s. bölmələrdən ibarət olan bu fundamental monoqrafiya istər məzmunu və mündəricəsi, istərsə də araşdırılan problemlərin elmi-nəzəri dərinliyi, sistemli və kompleks tədqiqi ilə diqqəti cəlb edir.
Monoqrafiyada vurğulanır ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi ölkəmizin nəinki Qafqazda, bütün dünya birliyində nüfuzunu möhkəmləndirib.
Kitablarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin xalqımızın milli-mədəni dəyərlərinin, adət-ənənələrinin, tariximizin, elm, təhsil və mədəniyyətimizin qorunub saxlanmasında rolu geniş surətdə əksini tapıb.
Azərbaycan tarixşünaslıq elminə böyük töhfə olan bu əsər alimlər, politoloqlar, beynəlxalq hüquq və münasibətlər, tarix, ictimai və siyasi elmlər sahələrində çalışan mütəxəssislər, siyasətçilər, qafqazşünaslar, həmçinin müəllimlər və tələbələr üçün nəzərdə tutulur.

Elm və təhsil 2020-10-23 13:27:00