×
A
A
A
Sazlamalar

Dövlət Neft və Sənaye Universitetinin xarici tərəfdaşları Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyirlər

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarının mahiyyəti və Ermənistanın təcavüzkar əməllərinə qiymət verilməsi məqsədilə xarici tərəfdaşlarına ünvanladığı müraciətlərə cavab məktubları daxil olub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin İnönü Universiteti, Ukraynanın Yuri Kondratyuk adına Poltava Politexnik Milli Universiteti, Rusiyanın Ufa Dövlət Neft-Texniki Universiteti, Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Pakistanın Malakand Universiteti, Kanadanın Alberta Universiteti və digər ali məktəb və elm mərkəzləri Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasına yönəlmiş ədalətli mübarizəsini dəstəklədiklərini qeyd ediblər. ADNSU-nun tərəfdaşları münaqişə bölgəsində baş verənləri diqqətlə izlədiklərini, Ermənistanın münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raketlə vuraraq onlarla dinc vətəndaşın həlak olması və yaralanmasına səbəb olmasını qətiyyətlə qınayıb, regionda sülh və əmin-amanlığın tezliklə bərqərar olacağına ümidlərini ifadə ediblər.
Xatırladaq ki, oktyabrın 19-20-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin üzvü olduğu və ümumilikdə 500-dək ali məktəb və elm mərkəzini birləşdirən dünyanın nüfuzlu təhsil təşkilatları - Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası, Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası, Qara dəniz Universitetləri Şəbəkəsi, “Bir Kəmər və Bir Yol” Universitetlər Birliyinə, eləcə də birbaşa əməkdaşlıq etdiyi 97 ali məktəbin rəhbərlərinə rəsmi müraciət ünvanlayıb.

Elm və təhsil 2020-10-23 12:05:00