×
A
A
A
Sazlamalar

Rəqəmlərdə gizlənən gerçəklik: Ermənistanda acınacaqlı demoqrafik vəziyyət

Bakı, 23 oktyabr, AZƏRTAC
Bəllidir ki, hər bir ölkənin əmək və hərbi potensialının formalaşmasının başlıca amilləri ölkə daxilində əhalinin sayına, əmək və hərbi resurslara təsir edən doğum və ölüm prosesləri və miqrasiyadır. Qeyd etmək lazımdır ki, heç bir sosial-iqtisadi, xüsusilə əmək və hərbi göstəriciləri ilə müqayisə oluna bilməyən Ermənistanın bu gün bizimlə fəal hərbi əməliyyatlar aparması gələcəkdə onun üçün hansı fəsadlar yaradacağı göz qabağındadır. Əhalisinin ümumi sayının Azərbaycanın əhalisinin sayından təxminən 3 dəfə, iqtisadi fəal əhalinin sayından 4 dəfə, ümumi daxili məhsulunun həcmindən 6 dəfə, ixracının həcmindən 17 dəfə, idxalının həcmindən 3 dəfə, büdcə gəlirlərinin və xərclərinin həcmindən 7 dəfə, hərbi xərclərindən 6 dəfə az olması və s. ölkəmizin bütün sahələrdə, xüsusilə əmək və hərbi sahədə üstünlüyə, dayanıqlı və uzunmüddətli fəaliyyət üçün əhəmiyyətli və sarsılmaz sosial-iqtisadi və hərbi imkanlara malik olduğunu göstərir.
Bu sətirlər UNEC-in elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Sakit Yaqubovun AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb.
Məqalədə deyilir ki, demoqrafik problemlər və əhalidə yüksək sürətlə qocalma prosesinin getməsi Ermənistanda əvvəllər olduğu kimi bu gün də ciddi problemlərdən biri olaraq qalır. Dövləti onun vətəndaşı olmadan təsəvvür etmək çətindir. Demoqrafik vəziyyətə və əhalinin sayına bir çox amillər - doğulanların və ölənlərin sayı arasındakı nisbət, miqrasiya, deportasiya, məcburi köçürmələr və s. təsir göstərir.
Ciddi siyasi və sosial sarsıntılar, iqtisadi böhran, qonşu ölkələrə qarşı işğalçılıq fəaliyyəti nəticəsində yaranan hərbi vəziyyət əhalinin həyatını məhv edir, daimi yaşayış yerini - ölkəni məcburi olaraq tərk etməyə vadar edir. Bu, Ermənistan üçün xarakterik yaşam tərzi və dinamik meyildir. Ermənistanın demoqrafik vəziyyətini xarakterizə edən göstəricilər bu mənzərəni daha aydın göstərir.
Belə ki, 2016-cı ilin əvvəlinə Ermənistanda daimi əhalinin sayı 2 milyon 998 min 600 nəfər, 2019-cu ilin əvvəlinə 2 milyon 965 min 300 nəfər, 2020-ci ilin əvvəlinə isə 2 milyon 959 min 200 nəfər təşkil edib. Göründüyü kimi, qeyd edilən dövrlərdə əhalinin ümumi sayında davamlı olaraq azalma olub.
Araşdırma göstərir ki, 1970-1990-cı illərdə, yəni sovet dövrünün sonlarında Ermənistanın əhalisi de-yure olaraq yüksəlibsə, 1991-2019-cu illərdə, yəni müstəqillik dövründə de-fakto əhalinin sayı 2 milyon 959 min 200 nəfərə düşüb.
Son dövrlərdə Ermənistan əhalisinin sayının azalmasının səbəbləri doğumun azalması və əhalinin sürətlə ölkəni tərk etməsidir. 1970-1990-cı illərdə Ermənistanda doğulanların sayı il ərzində 55 min 700 nəfərdən 79 min nəfərə qədər artdığı halda, 1990-2019-cu illərdə isə əksinə doğulanların sayı ildə 36 min 500 nəfər azalıb.
Ermənistanda 2020-ci ilin əvvəlinə olan əhalinin 63,9 faizini şəhər əhalisi, 36,1 faizini kənd əhalisi təşkil edib. Bu isə Ermənistan əhalisinə urbanizasiya probleminin xas olduğunu göstərir.
Demoqrafik sahədə ən ciddi problemlərdən biri ciddi miqrasiya nəticəsində əhalinin təbii artımının sıfır vəziyyətdə olmasıdır. Bu da birbaşa olaraq əhalinin qocalması prosesinə əhəmiyyətli təsir göstərir.
Ermənistan əhalisinin ölkəni tərk etməsi son dərəcə dayanıqlı prosesdir. BMT-nin proqnozlarına görə 2050-ci ildə Ermənistan əhalisinin sayı optimist ssenari üzrə 2,7 milyon nəfər, pessimist ssenari üzrə 1,5 milyon nəfər təşkil edəcəkdir. Bunun əsas səbəbləri doğumun səviyyəsinin azalması, əhalinin qocalması və əhalinin ölkəni sürətlə tərk etməsidir. Ötən 29 il ərzində doğulanların sayı 2 dəfə azalıb. Əgər sovet dövründə Ermənistanda ildə 75-80 min uşaq dünyaya gəlirdisə, indi bu gün bu göstərici 30-35 min təşkil edir.
İkinci əlamət əhalinin demoqrafik qocalmasıdır. Əgər 60 yaşdan yuxarı əhalinin sayı artarsa, bu ölkənin demoqrafik qocalması prosesinin sürətləndiyini göstərir. Ermənistanda demoqrafik qocalma əmsalı 12,9 faiz təşkil edir və mötəbər beynəlxalq informasiya mənbələrinin proqnozlarına görə qeyd edilən səbəblərdən yaxın 4-5 ildə bu proses daha sürətlə baş verəcəkdir.
Üçüncü əlamət əhalinin Ermənistanı sürətlə tərk etməsidir. Sovetlər birliyinin dağılmasından sonra erməni əhalisi ölkəni kütləvi tərk etməyə başlayıb. Ermənilərin yaşadığı evlərinə bağlayacaq tarixi vətəni olmayıb və ona görə də dünyada yaxşı həyat axtarışı xəyalları ilə sərgərdan formada yaşayırlar. Son iki yüzillikdə baş verən hadisələr bunun danılmaz tarixi fakt olduğunu göstərib.
Dözülməz sosial-iqtisadi vəziyyət əhalini Ermənistanı kütləvi şəkildə tərk etməyə vadar edib. Əmək qabiliyyətli kişilər ailəsini dolandırmaq üçün ölkəni tərk edirlər. Demoqrafik vəziyyətin getdikcə ağırlaşmasına səbəb olan digər amil cavanların ailə qurmaq istəyində olmamasıdır. Ermənistanda demoqrafik balans üçün 70 min kişi çatışmır. Ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaşdadır. Rəsmi statistikanın məlumatlarına görə Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Deməli, cins quruluşu arasındakı fərq 7 faiz təşkil edir ki, bu da ciddi demoqrafik problemdir. Belə disbalansın əsas səbəblərindən biri miqrasiyadır.
Ermənistanın demoqrafik proseslərində diqqəti cəlb edən əsas məsələlərdən biri budur ki, 2019-cu ildə Ermənistan əhalisinin sayının azalması miqrasiya axınlarının təbii artımı üstələməsi ilə şərtlənib. 2019-cu ildə Ermənistanın əhalisinin orta illik sayı 3 milyon nəfər, əhalinin təbii artımı 9,9 min nəfər, miqrasiyanın artımı -16 min nəfər, əhalinin ümumi azalması - 6,1 min nəfər olub.
Ermənistanda ciddi problemlərdən biri gender problemidir. Tədqiqatların nəticələrinə görə, ölkədə mövcud olan ciddi gender problemləri ilə bağlı olaraq erməni qadınlarının 56,9 faizi ailə qurmaqdan qorxurlar və 45,5 faizinin uşağı yoxdur. BMT-nin Əhali Fondunun araşdırmalarına görə, ölkədə seçmə (selektiv) abortların (uşaq saldırmalar) miqyasının sürətlə artması yaxın gələcəkdə Ermənistanda gender balansının ciddi pozulmasına və tənha kişilərin sayının artmasına gətirib çıxaracaqdır.
Ciddi miqrasiya, əhalinin təbii artımındakı kəskin azalma əhalinin qocalması prosesini sürətləndirib. Rəsmi statistikanın məlumatlarına görə, bu gün Ermənistan əhalisinin 13 faizindən çoxunu 65 yaşdan yuxarı əhali təşkil edir. Ermənistanda reproduktiv yaşda olan qadınlar üzrə hesablanan yekun nəsilvermə əmsalı (reproduktiv yaşda olan qadına düşən uşaqların orta hesabla sayı) kəskin azalaraq 1,4 səviyyəsinə düşüb.
Beləliklə, Ermənistanın demoqrafik vəziyyətini xarakterizə edən göstəricilərin qısa təhlili göstərir ki, erməni əhalisinin sayının kəskin azalmasının əsas səbəbi miqrasiyanın saldosunun əhalinin təbii artımından yüksək olması, doğulanların sayının azalması və ölənlərin sayının artmasıdır, yəni təbii azalmadır. Bu isə o deməkdir ki, perspektivdə də Ermənistan əhalisinin sayının davamlı olaraq azalmasının bütün amilləri aydın şəkildə özünü göstərir.
Əlverişli olmayan demoqrafik göstəriciləri əhalinin demoqrafik qocalması tamamlayır. Ermənistanda əhalinin demoqrafik qocalması davam edəcəkdir və BMT-nin Əhali Fondunun proqnozlarına görə 2050-ci ildə Ermənistan əhalisinin hər 5 nəfərindən biri 65 yaşdan yuxarı, 3 nəfərindən biri isə 63 yaşdan yuxarı əhali təşkil edəcəkdir ki, bu da ümumi əhalinin 22 faizi deməkdir.
Belə demoqrafik və sosial böhran Ermənistan hərbi qüvvələrinin və sənayesinin hazırlığı səviyyəsinin kəskin pisləşməsinə əhəmiyyətli təsir göstərir. Ermənistan hakimiyyətinin uzağı görə bilməmə siyasəti, Azərbaycanla təcavüzkar müharibə aparması bu vəziyyəti daha da faciəvi nəticələrə gətirib çıxaracaqdır. Ədalətsiz fəal hərbi əməliyyatların saxlanması Ermənistana yaxşı perspektiv vəd etmir, əksinə onun tam təcrid vəziyyətinə düşəcəyinə səbəb olacaqdır.
Ümumi daxili məhsulunun 4-5 faizini hərbi xərclərə yönəldən təcavüzkar Ermənistan hələ də anlamır ki, ən güclü, müasir hərbi texnika və silahlarla təchiz olunan, müxtəlif hərbi və hücum potensialında özünü əyani şəkildə göstərən fərqli maliyyə imkanlarına, yüksək hərbi hazırlığa, döyüş əhval-ruhiyyəsinə, psixoloji hazırlığa malik Azərbaycan Ordusu ilə üz-üzə gəlməsi ölkəsinin demoqrafik və sosial problemlərini daha da dərinləşdirəcək və çıxılmaz vəziyyətə salacaqdır. Təcrübə göstərir ki, bu üstünlüklərə malik ölkə hərbi əməliyyatlarda birmənalı olaraq qələbə qazanır. Fikrimizcə, Ermənistan hakimiyyəti papağını qarşısına qoyub bir sıra suallara cavab axtarmalıdır.
Monoetnik dövlətə çevrilən Ermənistan kimin olacaqdır? Erməni qadınları hansı etnosun nümayəndəsi ilə nikaha daxil olacaqdır? Təcavüzkarlıq və etnik təmizlənmə Ermənistanın tam təcrid olunmasına aparmırmı? Ermənistan hansı güclə, hansı hərbi-psixoloji durumla öz sərhədlərini qoruyub, təhlükəsizliyini təmin edəcəkdir? Ermənistan 2050-ci ilə qədər yaşayacaqmı, erməni dövləti qalacaqmı? Artıq bu problemlərin işartıları görünür.

 

Elm və təhsil 2020-10-23 11:17:00