×
A
A
A
Sazlamalar

® VEYSƏLOĞLU ordu ilə yanaşı cəbhə xəttində zərər çəkmiş əhaliyə də dəstək göstərir

Hazırda rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir.
Lakin Ermənistan silahlı bölmələrinin davam edən təxribatları, mülki obyektlərə raket və artilleriya zərbələri nəticəsində cəbhə xəttində yerləşən rayon və kəndlərimiz, mülki əhalimiz ciddi zərər görür.
Bunu nəzərə alaraq, Veysəloğlu Şirkətlər Qrupu ordumuzla yanaşı cəbhə xəttində zərər çəkmiş mülki əhaliyə də dəstəyini davam etdirir.
Bu dəfə Şirkətlər Qrupu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) koordinatorluğu ilə Ağcabədi və Bərdə rayonlarında təmas xəttində yaşayan əhaliyə ərzaq və qeyri-ərzaq məhsulları ilə yardım edib. Yardımın əhaliyə mərkəzləşdirilmiş və sistemli şəkildə çatdırılması məqsədilə məhsullar adıçəkilən rayonların yerli icra hakimiyyəti orqanlarına təhvil verilib.
Veysəloğlu Şirkətlər Qrupu bir daha bəyan edir ki, bundan sonra da xalqımıza, ordumuza dəstəyini davam etdirəcək.
Qeyd edək ki, Şirkətlər Qrupu tərəfindən ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon AZN vəsait köçürülüb. Bundan əlavə, qrupa daxil olan şirkətlər tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi və digər məqsədlər üçün yüzlərlə avtomobil şinləri, taxta paletlər, eyni zamanda hərbi səfərbərlik şəraitində istifadə edilməsi üçün onlarla nəqliyyat vasitəsi hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri, Qarabağ qaziləri və əlillərinə də mütəmadi olaraq maddi-mənəvi dəstəyini davam etdirir.

Sosial 2020-10-23 10:55:00