×
A
A
A
Sazlamalar

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən məcburi köçkünlərə ərzaq yardımı göndərilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və Ermənistanın mülki əhalini hədəf alan atəş zərbələrindən zərər çəkən Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göndərib. Hazır və konservləşdirilmiş ərzaq məhsullarından ibarət bağlamalar Tərtər, Ağdam və Bərdə rayonları ərazisində iki min ailəyə (təxminən 8000 nəfərə) paylanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlamasına cavab olaraq, Azərbaycan Ordusu torpaqlarının işğaldan qurtarılması məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələr Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutur.
TİKA cəbhə bölgəsindəki mövcud vəziyyətdə çətinliklərlə üzləşmiş azərbaycanlı əhaliyə dəstək olmaq və onların ərzaq təminatına dəstək vermək məqsədilə layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hazır və konservləşdirilmiş qida məhsullarından ibarət 40 ton ərzaq cəbhəyanı rayonlarda yaşayan vətəndaşlara paylanacaq. Bu çərçivədə Tərtər, Ağdam və Bərdədə 2 min ailənin (8000 nəfər) qida ehtiyacları qarşılanacaq.
Ət və balıq konservləri, pendir, hazır kartof püresi və makaronlar, cem, meyvə suyu, şəkər, çay, çörək, qaymaq və s. hazır qidalardan ibarət ərzaq bağlamaları oktyabrın 23-də bölgədəki ailələrə paylanacaq.

Cəmiyyət 2020-10-22 22:09:00