×
A
A
A
Sazlamalar

Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb

Bakı, 22 oktyabr, AZƏRTAC 

Oktyabrın 22-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, brifinqdə Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad edilən Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

Ordu 2020-10-22 19:22:00