×
A
A
A
Sazlamalar

Fazil Abbasov: Qarabağ münaqişəsi ərəb mediasının diqqətində

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu günlər ərəb ölkələri mediasının da əsas mövzusu Qarabağda gedən döyüşlərdir. 30 ildir düşmən tapdağı altındakı Qarabağ torpaqlarının müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilməsi, Azərbaycan Ordusunun uğurları, hay-erməni terrorçuların vəhşilikləri, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilər tərəfindən kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin, qədim abidələrimizin, məscidlərimizin dağıdılması islam ölkələrinin mediasında geniş yayımlanır.
Bu fikirlər İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun AZƏRTAC-a şərhində yer alıb.
F.Abbasov deyib: Son illərdə İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfər etmiş 200-dən çox ərəbdilli, həmçinin Pakistan və İndoneziya jurnalistləri Azərbaycan Ordusunun uğurlarını öz media və xəbər saytlarında hərtərəfli işıqlandırırlar. Assosiasiyanın Məşvərət Şurasının iordaniyalı üzvü, araşdırmaçı jurnalist Ömər əl-Armuti Qarabağda gedən döyüşlər barədə informasiyalarını təkcə çalışdığı “Nayrouz.com” saytında deyil, bütün ərəb dünyasında yayır. O, gündəlik döyüş xəbərləri ilə yanaşı, son 30 ildə hay-erməni terrorçu-faşistlərin törətdiyi vəhşilikləri də xatırladır. O, oktyabrın 9-da bədnam Zori Balayanın “Ruhun nəşəsi” kitabından Xocalı qətliamına aid aşağıdakı parçanı tərcümə edərək yayıb: “Mən Xaçaturla qoşunlarımızın tutduğu Xocalıda bir evə girdik. Bizim əsgərlərimiz 13 yaşlı azərbaycanlı oğlanı pəncərəyə mismarlamışdılar. Xaçatur oğlanın anasının döşünü kəsərək ağzına soxdu ki, səs-küy salmasın. Sonra 13 yaşlı uşağın başının, sinəsinin və qarnının dərisini soymağa başladı. Saata baxdım, 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Bu mənzərəyə baxdıqca ruhum fərəhdən titrəyirdi. Bundan sonra Xaçatur oğlanın cəsədini doğradı və itlərə atdı. Axşamadək eyni hərəkətlə 3 başqa azərbaycanlı uşağı qətlə yetirdik. Mən erməni varlığının vəzifəsini yerinə yetirdim və bilirəm ki, hər bir erməni bizim bu elədiklərimizdən iftixar hissi duyacaqdır”.
Ömər əl-Armuti Azərbaycan haqqında iki kitabın müəllifidir. Onun 2015-ci ildə ərəb dilində yazıb nəşr etdirdiyi “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” əsərində Azərbaycanın Qarabağ bölgəsi haqqında ətraflı məlumat verilir, Ermənistanın beynəlxalq hüququ pozub, burada etnik təmizləmə aparıb, soyqırımı törətməsinə baxmayaraq, Qərb dövlətlərinin susması təsirli cümlələrlə təsvir olunur.
Araşdırmaçı jurnalistin “İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı ikinci kitabında iki dost ölkənin beynəlxalq toplantılarda daim bir-birinə dəstək olmasını, Qarabağ məsələsində Azərbaycanın haqq işini İordaniyanın davamlı olaraq müdafiə etməsini, iki ölkənin mədəni, iqtisadi əlaqələrinin də inkişafı və s. barəsində ətraflı məlumat verir. Hər iki kitab İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyası tərəfindən dilimizə tərcümə olunub, Bakıdakı diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin, jurnalistlərin iştirakı ilə keçirilən dəyirmi masada geniş müzakirə edilib.
Son 20 gündə Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı döyüşlərinin gedişi, Ali Baş Komandan İlham Əliyevin çıxışları, dünya mediasına, TV kanallarına verdiyi yüksək səviyyəli müsahibələr Ömər əl-Armuti tərəfindən AZƏRTAC-ın ərəb dilində gündəlik xəbərləri əsasında ərəb dünyasında yayımlanır.
Livanda “Cedarnews” saytlar şəbəkəsinin qurucusu və baş redaktoru Mişel əl-Zbaidi bir neçə dəfə Azərbaycana gəlib, ölkəmizlə yaxından tanış olub, Qəbələyə, Şəkiyə, Cocuqmərcanlıya səfər edib. Qonaqpərvər, savadlı, dini və irqi ayrı-seçkilikdən uzaq tolerant azərbaycanlılar onda xoş təəssürat yaradıb. Mişel əl-Zbaidi ölkəmiz, xalqımız, onun Qarabağ problemi barədə obyektiv xəbərləri bir neçə ildir yayımlayır. Livandakı erməni təşkilatları, xüsusilə qərargahı Beyrutda yerləşən “Xnçak” partiyasının əlaltıları ona qarşı dəfələrlə təxribatlar törədiblər. Bütün bunlar Mişeli öz mövqeyindən çəkindirməyib. Hazırda Azərbaycan Ordusunun Qarabağın bölgələrini işğaldan azad etməsini davamlı olaraq “Cedarnews” vasitəsilə Livan ictimaiyyətinin diqqətinə çatdırır.

Siyasət 2020-10-22 18:05:00