×
A
A
A
Sazlamalar

İsveçrə qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən müsahibəsi dərc edilib

Bern, 22 oktyabr, AZƏRTAC

İsveçrə Federal Parlamentində ən çox oxunan qəzet olan “Weltwoche”də Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın erməni yalanlarını ifşa edən geniş müsahibəsi dərc edilib. Qeyd edək ki, “Weltwoche” qəzetində ilk dəfədir Azərbaycanla bağlı məqalə isveçrəli oxuculara təqdim edilir.
Müsahibədə jurnalistə Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlməsindən sonra Ermənistanın təxribat xarakterli fəaliyyəti barədə faktları bir-bir sadalayan səfir cari ilin iyul, avqust aylarında həm iki ölkə sərhədində, həm təmas xəttində Ermənistan tərəfindən hücum cəhdlərinin qarşısının alınması barədə məlumat verib. Habelə səfir son olaraq 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı başlatdığı hücumdan sonra iki ölkə arasında danışıqlara ciddi zərbə vurulduğunu qeyd edib və indiki müharibənin səbəbkarının Paşinyan olduğunu diqqətə çatdırıb.
Sonra X.İbrahimova BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının məlum qətnamələri barədə məlumat verərək həmin sənədlərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələblərinin olmasını vurğulayıb. İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yaradılan qondarma “Dağlıq Qarabağ respublikası”ndan bəhs edən səfir bu qondarma rejimin İsveçrə də daxil olmaqla heç bir ölkə tərəfindən tanınmadığını bildirib. Həmçinin o, indiki məqamda müharibənin sülh yolu ilə həllinin Azərbaycanın ərazi bütövlüyünün təmin olmasından keçdiyini vurğulayıb.
Müsahibədə, həmçinin Ermənistan tərəfindən Gəncə şəhərində mülki şəxslərə qarşı törədilən qətliam barədə məlumat verən səfir bu qətliamın səbəbkarı kimi əlləri qana bulaşmış Paşinyan və Ermənistan hökumətini göstərib. Moskvada iki ölkə arasında əldə edilən humanitar atəşkəsdən sonra Gəncədə mülki əhaliyə qarşı aparılan hərbi təcavüzü pisləyən səfir beynəlxalq mətbu orqanların əksər hallarda qərəzli yanaşmalarını da qınayıb. Jurnalistin “Ermənistanın Azərbaycandan ərazicə kiçik və kasıb olması” fikrinə də münasibət bildirən səfir erməni diasporunun Avropada və digər regionlarda özlərini həmişə məzlum xalq kimi göstərməyə çalışdığını ifadə edib, erməni diasporunun Ermənistanın təcavüzkar ola bilməyəcəyinə dair yalanlarını ifşa edib.
Müsahibədə, həmçinin İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinə toxunulub, hazırda 67-dən çox İsveçrə şirkətinin Azərbaycanda uğurlu fəaliyyətindən bəhs edilib. Bildirilib ki, Azərbaycanda neft-qaz sənayesinin üstünlük təşkil etməsi qeyd olunsa da, ölkəmizdə bərpa olunan enerji, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafı istiqamətində də işlər aparılır.
Eyni zamanda, müsahibədə Azərbaycan tarixi ilə bağlı isveçrəli oxucular üçün maraq kəsb edən məqamlara da toxunulub. Müsəlman əhalisinin çoxluq təşkil etdiyi Azərbaycanın 1918-ci ildə Şərqdə ilk dünyəvi, demokratik respublika və qadınlara səsvermə hüququ verən ilk ölkə kimi tanındığını oxucuların diqqətinə çatdıran səfir ölkəmizin SSRİ dönəmində ermənilərlə birgə yaşayışını qeyd edib. O bildirib ki, SSRİ-nin dağılmasında öncə 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və nəticə etibarilə, Ermənistan Azərbaycanın yalnız Dağlıq Qarabağ bölgəsini deyil, ətraf yeddi rayonunu da işğal edib.

 

Elgün Niftəli 

AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Siyasət 2020-10-22 17:46:00