×
A
A
A
Sazlamalar

Kəkələməkdən utanmaq lazım deyil

Bakı, 22 oktyabr, AZƏRTAC
Kəkələmək ciddi problem olsa da, onunla üzləşənlər çoxdur. Nitqində kəkələmə olanlar ətrafdakılar tərəfindən qeyri-adi qarşılanmamalıdır.
Psixi Sağlamlıq Mərkəzi uşaq reabilitasiya şöbəsinin loqopedi Elvir Mustafazadə AZƏRTAC-a deyib: “Hər kəs fərqli şəkildə, biri çox yavaş, biri sürətli, digəri alçaq səslə, bir başqası yüksək səslə danışır. Hər kəsin bir danışıq tərzi var və hər kəs özünəməxsus şəkildə kəkələyir. Bəziləri danışmaqdan əvvəl nəfəs verir, hansısa bir səsi uzadır. Bəziləri isə sözün bir hecasını, yaxud bir sözü bir neçə dəfə təkrarlayır. Tələskən davrananda, hər şeyi tez söyləmək istəyəndə, ya da gərgin olanda danışmaq çətinləşir, kəkələmə baş verir.
Kəkələmə gündən-günə dəyişə bilər. Nitq problemi olan şəxs bəzən axıcı şəkildə danışdığı halda bəzən danışanda həddindən artıq çətinliklə üzləşir. Otaqda tək qalanda, yüksək səslə danışanda hər şey qaydasında olur, kəkələmə baş vermir. Pıçıltı ilə danışanda, mahnı oxuyanda, şeir söyləyəndə də problemlə üzləşmir.
Özündən kiçiklərlə danışmaq daha rahatdır, lakin böyüklərlə danışanda müəyyən çətinlik yaranır. Bəzən nəfəsə, dodaq, dil və qırtlağa eyni anda nəzarət etmək çətin olur”.
Loqoped deyib: “Bəziləri kəkləməni problem saymır, kəkələsə də, danışmağa davam edir. Bəziləri isə kəkələməkdən utandığı üçün çox vaxt susmağı üstün tutur. Kəkələdiyini anlayan şəxs sözünü yarımçıq kəsir, söyləmək istədiyi fikri başqalarının ifadə etməsini gözləyir. Deməyə çətinlik çəkdiyi sözü söyləyə biləcəyini hiss edincəyə qədər vaxt qazanmaq üçün “eeee”, “iihh”, “məsələn”, “şey” kimi söz və ifadələri nitqinə daxil edir, yardımçı sözlər tapmağa çalışır. Bunun nəticəsində nitqin keyfiyyəti aşağı düşür və həmsöhbət sıxılır. Ona görə də ən yaxşısı kəkələməni öz axarına buraxmaq və onu gizlətməyə çalışmamaqdır”.

Səhiyyə 2020-10-22 17:03:00