×
A
A
A
Sazlamalar

Paşinyanın son davranışları həqiqətən də onun başını itirdiyini, çıxılmaz vəziyyətdə nə etdiyini bilmədiyini göstərir

Bakı, 22 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Aydın məsələdir ki, Paşinyanı bəsləyən, onu ortalığa çıxaran, ona təlimat verən hər zaman Soros olub. Amma nə qəribədir ki, Ermənistanın baş naziri əsas telefon zənglərini bütün müharibə boyunca kənar ölkə liderlərinə edib. Üstəlik, ortada digər başqa nonsens də var: bu məxluqat və onun təmsil etdiyi ölkə guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, amma nəyəsə görə üz tutub NATO-ya. Daha dəqiqi, prezident Armen Sarkisyanı göndərib NATO-nun Baş katibi ilə görüşə. Hələ Avropanın bir çox ölkələri ilə hərbi əməkdaşlıq müqaviləsi imzalamağa da çalışır. Belə məqamda isə sual yaranır: Sənin “dayın”, ağan, ağsaqqalın Sorosdursa, başqasına niyə zəng edirsən? Ya da KTMT üzvüsənsə NATO kuluarlarında nə itirib-axtarırsan?
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.
Deputat deyib: “Paşinyan bir ara deyirdi ki, müharibə çıxış yolu deyil. İndi isə deyir ki, sülh çıxış yolu deyil. Ermənistanı idarə edən adam bax bu qədər sistemsiz, rabitəsiz və el dilində desək, hətərəm-pətərəm biridir. Üstəlik, bütün mövqelərində də səhv, haqsız və qüsurludur. Paşinyanın son davranışları həqiqətən də onun başını itirdiyini, çıxılmaz vəziyyətdə nə etdiyini bilmədiyini göstərir.
Əlqərəz, Ermənistan özü nədirsə, lideri də ona layiqdir. Tay tayını tapıb. Tarixi olmayan ölkəyə belə də uğursuz və urvatsız insan rəhbərlik etməli idi. Fəqət, bu məsələ özlərinə aiddir. Bizi düşündürən isə öz tarixi və əzəli torpaqlarımızdır. Əsas məsələ də budur ki, qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanı və onun riyakar lideri Paşinyanı hər gün daha böyük məğlubiyyətlərə düçar edir. Erməni ordusu bitib, yoxdur, pərən-pərəndir. Paşinyan isə rəzil gündədir və həmin rəzillik Ermənistanın baş nazirinin hər açıqlamasında, sözündə və cümləsində günbəgün daha aydın sezilir, hiss olunur”.

Siyasət 2020-10-22 16:58:00