Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UNESCO rəhbərliyi Ermənistanın mədəni irsimizə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırılıb

Paris, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə A.Qocayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz haqqında məlumat verib.
Bildirib ki, Ermənistan tərəfi mülki əhalini və infrastrukturu hədəfə alır. Erməni silahlı qüvvələrinin ölkəmizin döyüş bölgəsinə yaxın və ondan uzaqda olan yaşayış məkanlarının bombardmanı nəticəsində qadın və uşaqlar, günahsız insanlar həlak olub və yaralanıblar. Mülki infrastruktura ciddi ziyan dəyib.
A.Qocayev Ermənistanın silahlı qüvvələrinin ölkəmizin işğal altında olan, eləcə də Dağlıq Qarabağ regionundan uzaqda olan ərazilərini bombalaması nəticəsində Azərbaycan maddi mədəni irs abidələrinə ciddi zərər dəydiyini diqqətə çatdırıb. Ermənistanın raket atəşinə tutduğu ərazilərdə Füzuli rayonunda, XIII əsrə aid Şeyx Babi türbəsi, IX əsrə aid İmamzadə məscidi, Gəncədəki tarixi bina, XIX əsr Aleksandr Nevski ortodoks kilsəsi, dağılıb. Qeyd edilib ki, Ermənistan tərəfindən ölkəmizin tarixi və mədəni irsinin hədəfə alınması və dağıdılması beynəlxalq hüquqa, eləcə də, UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokoluna ziddir.
UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavininə Ermənistan tərəfindən mədəni irs abidələrimizin dağıdılması və mənimsənilməsi ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb. Ağdamda dağıdılmış Cümə məscidinin, ordumuz tərəfindən azad olunmuş Zəngilan rayonundakı məsciddə donuz saxlanmasına dair şəkillər təqdim olunaraq, bunun bütün müsəlman dünyasına qarşı təhqir olunduğu vurğulanıb. UNESCO-nu erməni vandalizmini qınamağa çağırış edilib.
Görüşdə Ermənistanın köhnə xislətinə uyğun olaraq, yalan məlumatlar yaymaqla ictimaiyyəti aldatdığı bildirilərək, təşkilat belə saxta məlumatlarla bağlı diqqətli olmağa və onlara inanmamağa çağırılıb.
UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini E.Ottone təqdim olunan məlumatlara görə təşəkkürünü bildirərək, UNESCO tərəfindən hadisələrin yaxından izlənildiyini və mandatları çərçivəsində ehtiyac yaranarsa, mədəni irsin qorunmasında köməkliklərini göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2020-10-22 16:50:00