×
A
A
A
Sazlamalar

Dövlətimizlə, ordumuzla qürur duyuruq

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun qarşısında diz çökən faşist Ermənistan müharibə cinayətlərini davam etdirir. Bu gün ermənilərin Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərini operativ-taktiki raketlərdən atəşə tutması da bu ölkənin faşist əməllərinin növbəti nümunəsidir. Təəssüf ki, beynəlxalq təşkilatlar, dünyanın bəzi dövlətləri bu cinayətlərə qarşı hələ də öz səssizliklərini qoruyurlar.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədova bildirib ki, ermənilər dəfələrlə Gəncəni, Bərdəni, Mingəçeviri, Beyləqanı, Tərtəri, Ordubadı və bir sıra digər yaşayış məntəqələrimizi atəşə tutublar. Onların bu əməlləri dünya terrorçularının hərəkətləri ilə üst-üstə düşür. Terrorçular da öz əməlləri ilə dinc əhalini hədəf seçir və onlar arasında vahimə yaratmağa çalışırlar. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə dəfələrlə atılan reaktiv raketlərin nəticəsində çoxsaylı uşaq, qadın, qocanın həlak olması isə əhali arasında vahiməni deyil, ermənilərə qarşı nifrəti daha da artırdı. Ermənistanın bu əməlləri bəşəriyyətə qarşı cinayətdir. Bütün bunlara baxmayaraq xalqımız heç vaxt ruhdan düşmür və düşməyəcək. Əksinə, dövlət-ordu-xalq birliyi gündən-günə daha da möhkəmlənir. Arxamızda dövlətimizin dayandığını, düşmənə həddini bildirən ordumuzun olduğunu bilir və dövlətimizlə, ordumuzla qürur duyuruq.
Nüşabə Məmmədova vurğulayıb ki, Ermənistan ordusunun sıralarında çox sayda terrorçuların olması artıq heç kəsə sirr deyil. Suriyadan, Livandan, ABŞ-dan, Kanadadan, xüsusilə Fransadan gələn ermənilər orada daha çoxdur. Maraqlıdır, başqa ölkənin vətəndaşının Ermənistan ordusunda nə işi var? Nəyə görə qabaqcıl dövlətlər həmin şəxsləri vətəndaşlıqdan çıxarmırlar? Axı onun vətəndaşı onun özünün deyil, başqa bir dövlətin, özü də terrorçu bir dövlətin ordusunda quluq edir, dinc sakinlərə qarşı terror əməlləri törədir?
“Bu gün mərd, igid Azərbaycan əsgəri öz canı, qanı bahasına haqq yolda daim irəliləyir, doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşur. Hər gün cəbhədən xoş xəbərlər alırıq. Bu isə sevincimizi daha da artırır”, - deyən Nüşabə Məmmədova vurğulayıb ki, Azərbaycan Ordusu ard-arda işğal altındakı torpaqlarını azad etdikcə, erməni cəmiyyətində hakimiyyətə qarşı kütləvi etirazlar şiddətlənir. Artıq dilə gələn ermənilər ölkənin fəlakətə sürükləndiyini anlamağa başlayıblar. Onlar baş verənlərin əsas səbəbkarının Paşinyan olduğunu çəkinmədən deyərək Azərbaycanın gücü qarşısında aciz qaldıqlarını etiraf edirlər. Bu mənada əminliklə demək olar ki, əgər Ermənistan müharibəni davam etdirərsə, çox yaxın günlərdə məğlubiyyətlə üzləşməklə yanaşı, həm də siyasi, iqtisadi, sosial böhranla üzü-üzə qalacaq.

Regionlar 2020-10-22 16:42:00