×
A
A
A
Sazlamalar

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin büro iclası keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər.
İclasda çıxış edən komitənin həmsədri Cavanşir Feyziyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə məlumat verib. Bildirib ki, sentyabrın 27-dən başlayan silahlı toqquşmalardan bu günədək iki dəfə atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum edib. Atəşkəs barədə razılaşmadan dərhal sonra Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gecə vaxtı ballistik raketlər atıb. Nəticədə xeyli sayda mülki insan, o cümlədən uşaqlar həlak olub, yaralanıb, yaşayış evləri yararsız vəziyyətə düşüb. Ermənistanın baş naziri Nikol Paşinyan məsələnin ancaq hərb yolu ilə həllinin mümkün olduğunu bildirərək danışıqlardan imtina edib.
Cavanşir Feyziyev diqqətə çatdırıb ki, Ermənistan öz ərazisindən Azərbaycanın böyük şəhərlərinə raketlər atmaqla Azərbaycanı ona cavab verməyə təhrik edir və beləliklə, münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır. Azərbaycan həmişə danışıqlara hazırdır, lakin Ermənistanın məntiqsiz davranışları buna imkan vermir. Hazırda Ermənistan müxtəlif ölkələrin Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün əlində olan bütün vasitələrdən istifadə edir. Lakin beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edir.
Sonra iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand insanların həlak olmasından narahatlığını bildirib və tərəfləri atəşi dayandırmağa çağırıb. Həmsədr Ermənistan tərəfinin danışıqlardan imtina etməsi ilə məntiqsiz davrandığını, əslində danışıqların Ermənistanın maraqlarına uyğun olduğunu bildirib.
İclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Avropa İttifaqı tərəfdən sədr müavinləri Kosma Zlotovski, Raza Yukneviçiene bildiriblər ki, Dağlıq Qarabağda ermənilər yaşayır, lakin bu, Qarabağın Azərbaycan torpağı olması faktını dəyişmir. Sədr müavinləri tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə çağırıblar.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən sədr müavini, Milli Məclisin deputatı Erkin Qədirli diqqətə çatdırıb ki, Ermənistanın əvvəlki prezidentləri müharibə cinayətkarları idilər, Xocalıda törətdikləri soyqırımını da etiraf etmişdilər və bu gün də Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı davam edir.
Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərinə toxunan Erkin Qədirli qeyd edib ki, Qazaxıstanda keçirilən görüş zamanı Paşinyanın ətrafında olan məmurlar Madrid prinsiplərini tanımadıqlarını bildirmişdilər, bundan sonra isə Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış etmişdi.
Erkin Qədirli çıxışında 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyindən də danışıb. Bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər oranın azərbaycanlı icmasını qəbul etmirlər, bu da münaqişənin həllinə mane olan amillərdən biridir.
Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Cavanşir Feyziyev və Marina Kalyurand məsələnin gedişini daha yaxından izləmək üçün ən qısa müddətdə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Siyasət 2020-10-22 15:55:00