Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yaponiyanın Yokohama şəhərində təşkil olunan konsertdə Azərbaycan həqiqətləri tamaşaçılara çatdırılıb

Tokio, 22 oktyabr, AZƏRTAC

Yaponiyanın Yokohama şəhərində “Ongakunoie - Musiqi Evi” və azərbaycanlı pianoçu Gülnarə Səfərova tərəfindən təşkil edilmiş klassik musiqi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, klassik musiqi əsərlərindən ibarət konsertin Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə təcavüzü nəticəsində həlak olmuş azərbaycanlıların xatirəsinə həsr olunduğu tamaşaçıların diqqətinə çatdırılıb.
Yapon və rus musiqiçilərlə birgə keçirilən konsertdə Bax, Bethoven, Hindemit və digər bəstəkarların əsərləri səsləndirilib.
Konsertin sonunda tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan musiqisinin beşiyi sayılan Qarabağda bir sıra böyük sənətkarlar dünyaya gəliblər. Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacibəyli haqqında məlumatdan sonra görkəmli bəstəkar İsmayıl Hacıbəylinin piano üçün “Üç idilliya” əsəri ifa edilib.
Tədbir çərçivəsində tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən yapon dilində hazırlanmış materiallar, Gəncə şəhərinə ermənilər tərəfindən raket atılması nəticəsində həlak olanların, xəsarət alanların, dağılmış binaların fotoşəkilləri təqdim olunub.
Münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyini tanıtmaq, həqiqəti çatdırmaq məqsədilə keçirilmiş konsert böyük maraqla qarşılanıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2020-10-22 14:59:00