×
A
A
A
Sazlamalar

Zəngilan sakini: Mürəkkəb relyefə malik rayonumuzun qısa müddətdə azad edilməsi Azərbaycan Ordusunun yüksək peşəkarlığının bariz nümunəsidir

Bakı, 22 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı və rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı möhtəşəm və tarixi qələbələr bütün xalqımızın hədsiz sevinc və fərəh hissinə səbəb olub. Azərbaycan Ordusunun sentyabrın 27-dən başlamış əks-həmlə əməliyyatları nəticəsində layiqli zərbə almış düşmən müqavimət göstərə bilməyərək geri çəkilir. Oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin düşmən tapdağından azad edilməsi şanlı Ordumuzun yazdığı növbəti qəhrəmanlıq səhifələrindən biridir. Bu tarixi zəfər münasibətilə Prezidentimizi, xalqımızı və bütün zəngilanlıları təbrik edirəm.
Bu fikirləri AZƏRTAC-açıqlamasında Əməkdar müəllim, ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədov bildirib.
B.Məmmədov diqqətə çatdırıb ki, Zəngilan rayonu cənubdan Araz çayı boyunca İran İslam Respublikası, digər yandan yaşayış məntəqələrinin təxminən yarısı isə Ermənistanla dövlət sərhədini əhatə edir. Düşmən ölkə ilə sərhəd bütövlükdə dərin meşələr və dağlarla əhatə olunub. Belə çətin və mürəkkəb relyefə malik doğma Zəngilanımızın Azərbaycan Ordusu tərəfindən qısa zamanda azad edilməsi Silahlı Qüvvələrimizin yüksək peşəkarlığının, döyüş hazırlığının və Vətənə məhəbbətinin bariz parlaq nümunəsidir. Bu, həm də xalqla ordunun yekdilliyi, onların qəhrəman sərkərdə və dövlət başçısı İlham Əliyevə olan inamının nəticəsidir. Bu qələbələr həm də beynəlxalq aləmdə Azərbaycan Ordusunun dünya orduları arasında həqiqətən layiqli yer tutmasının əyani sübutudur.
Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ ətrafında hadisələr başlayan ilk gündən 1993-cü ilin oktyabrın 29-dək bütün zəngilanlılar düşmənin hücumlarına mərdliklə sinə gəriblər. Bütün zəngilanlılar rayonda döyüşən hərbçilər, polis şöbəsinin əməkdaşları ilə birlikdə mənfur düşmənin Zəngilanda ikinci Xocalı faciəsi törətməsinin qarşısını alıblar.
“Mən birinci Qarabağ müharibəsinin iştirakçısı kimi müharibənin nə olduğunu və hansı dəhşətli faciələr, dağıntılar törətdiyini yaxşı bilirəm. Həmçinin insanlara necə sağalmaz yaralar vurduğunun canlı şahidiyəm. Qəddar düşmənimiz birinci Qarabağ müharibəsində mülki əhalimizə necə dəhşətli işgəncələr verdiyi dünya tarixində heç bir müharibənin tarixində olmayıb. İnsanlara işgəncə verməkdən zövq alan erməni cəlladları, eyni zamanda, Azərbaycanın işğal altındakı torpaqlarında maddi-mədəni irsi yerlə yeksan etməkdən belə çəkinməyiblər. Mənfur düşmənlər Ağdamda, Füzulidə, Cəbrayılda, Xocavənddə, Xocalıda, Kəlbəcərdə, Laçında, Şuşada olduğu kimi, Zəngilanda da bütün yaşayış yerlərimizi məhv ediblər. İnsanlığa sığmayan bu vandalizmə görə Ermənistan dövləti bəşəriyyət qarşısında əbədi məsuliyyət daşımalı, törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrin hökmü ilə cəzalandırılmalı, xalqımıza vurduğu maddi-mənəvi ziyana görə yüz milyardlarla dollar həcmində kompensasiya ödəməlidir.
Tarixi qələbəmiz münasibətilə bir daha gözünüz aydın olsun, mənim doğma Zəngilanım. Yaşasın qalib Prezidentimiz İlham Əliyev! Eşq olsun müzəffər və şanlı Ordumuza!

Siyasət 2020-10-22 14:20:00