×
A
A
A
Sazlamalar

Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir

Bakı, 22 oktyabr, AZƏRTAC 

Sentyabrın 27-dən etibarən işğalçı Ermənistanın hərbi birləşmələri yeni təxribat törədərək, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini bir neçə istiqamətdə ağır artilleriyadan atəşə tutublar. Baş verən hadisələr zəminində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmədiyi bir daha öz təsdiqini tapdı. Bütün bunlar Azərbaycan Ordusunu əks-hücum əməliyyatına başlamağa vadar etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sülh danışıqlarının tərəfdarı olduğunu dəfələrlə bəyan edərək bu istiqamətdə beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq edib. Lakin Ermənistan danışıqlar prosesini dəfələrlə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni nəinki yerinə yetirməyib, hətta zaman-zaman Azərbaycana qarşı terror aktları həyata keçirib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşmış Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bir çox yaşayış məntəqələrimizi, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edərək bu ərazilərdə uçrəngli bayrağımızı dalğalandırıb. Düşmən xeyli sayda canlı qüvvə, hərbi texnika itirərək geri çəkilməyə məcbur edilib. Son günlər cəbhə xəttindən gələn xoş xəbərlər hər birimizi qürurlandırır və qələbə gününün yaxında olduğuna inamımızı artırır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva haqq davamıza, haqlı müharibəmizə münasibət bildirərək öz fikirlərini paylaşıb: “İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və bu gün də davam edən növbəti hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış məntəqələrimizi erməni işğalından azad edib. Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sırasında mənfur düşmənlə vuruşur. Dövlətimizin başçısının qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır”.
Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, şöbə tərəfindən universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı haqlı mübarizəsi ilə bağlı fikirləri öyrənilib. Türkiyə vətəndaşı, BSU-nun Azərbaycan filologiyası fakültəsinin tələbəsi Özdönertaş Erman deyib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında dünya ictimaiyyətinə Ermənistanın quldur hərəkətlərinə son qoyulmasının zamanının gəlib çatdığını bəyan edərək haqlının yanında dayanmağın vacibliyini vurğulayıb. Bu savaş günlərində Türkiyə qardaş Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan dəstək olub, onu bu haqlı davasında müdafiə edib.
Yadımdadır, 2018-ci ildə BSU əcnəbi tələbələr üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər təşkil etmişdi. Mən də bu səfərə məmnuniyyətlə qatılmışdım. Açığını desəm, Gəncənin gözəlliyi, küçələrin səliqəsi, insanların səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyi məni heyran etmişdi. Bu günlərdə Gəncənin mənfur ermənilər tərəfindən yenidən bombalanması məni və tələbə yoldaşlarımı çox sarsıtdı. Oktyabrın 17-də səhərimizi bu ağrılı, bu acılı xəbərlə açdıq… Gecə saatlarında erməni terrorçuları yenə dinc əhalini raket atəşinə məruz qoydular. Vandalizm törətdilər. Bunlara başqa ad vermək olmur. Nə ordudurlar, nə hərbi birlik, nə də ki insan! Bunlar terrorçudurlar! Bir millət, bir dövlət, bir xalq olaraq çox qəzəbliyik.
Biz də BSU-nun tələbələri olaraq bu mübarizədə əlimizdən gələni əsirgəmirik. Sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən tarixi faktları paylaşaraq, ermənilər tərəfindən törədilən vəhşilikləri bütün dünyaya çatdırmağa çalışırıq. Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü səbirsizliklə gözləyirəm. Can Azərbaycanın günəşli günlərinin çox yaxında olduğuna inanıram.
Dünya bilsin ki, Qarabağ Azərbaycandır!”
Pakistan vətəndaşı, BSU-nun Tərcümə fakültəsinin tələbəsi Agha Fatma deyib: “On iki ildir ki, Azərbaycanda yaşayıram və özümü vətənimdəki kimi hiss edirəm. Bu səbəbdən də son günlər baş verən hadisələr ürəyimə toxunur. Bildiyiniz kimi, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan və haqlı mübarizəsini dəstəkləyən ilk dövlətlərdəndir. Bu ilin fevral ayında BSU-nun akt zalında Xocalı faciəsi ilə bağlı nümayiş etdirilən kadrlar məni dəhşətə gətirdi. Göz yaşlarımı saxlaya bilmədim. Dinc əhaliyə qarşı bu cür qəddarlıq yalnız faşist xislətli bir dövlətə məxsus ola bilər. Erməni terrorçuları 28 il sonra Gəncə şəhərində yenə də soyqırımı törətdilər. Onların cavabı verilməlidir və mütləq veriləcək! Bu müddət ərzində ermənipərəst təbliğatçılar utanmadan yalan xəbərlər, təhrif olunmuş tarixi faktlar yayır, həmçinin Gəncəyə hücumlarını və bu terror qurbanlarının fotolarını özlərininki kimi qələmə verirlər.
Ermənistan dövləti bu müharibəyə dini mahiyyət verməyə də çalışır. Qeyd etmək istərdim ki, mənim tələbə yoldaşlarım müxtəlif dinlərin nümayəndələridir. Aramızda xristian, buddist və yəhudi tələbələr var. Biz hamımız mehriban ailə kimi yaşayırıq və heç bir dini, milli ayrı-seçkilik yoxdur. Ümumiyyətlə, multikultural dəyərlərə Azərbaycan cəmiyyətində çox önəm verilir. Azərbaycanlı qardaş və bacılarım bilsin ki, biz hər zaman Azərbaycanın yanındayıq. İnanıram ki, güclü, qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və mütləq qələbə qazanacaq. Çünki həqiqət Azərbaycanın tərəfindədir!”

Elm və təhsil 2020-10-22 13:19:00