×
A
A
A
Sazlamalar

Sabirabadda gün ərzində sahələrdən 755-760 ton pambıq yığılır

Sabirabad, 22 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Sabirabadda pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 755-760 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günə kimi plantasiyalardan 20 min 93 ton “ağ qızıl” toplanılıb. Tədarük olunan məhsulun 16 min 580 tonu pambıqyığan kombaynların köməyi ilə yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 8 min 360 hektar pambıq sahəsindən 25 min 210 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.
Uzun illər pambıq əkini ilə məşğul olan Güdəcühür kənd sakini Feyzi Babayev ötən il 45 hektar sahədə pambıq becərib və hər hektardan 28 sentner məhsul götürüb. Pambıqçı bu il 40 hektar sahədə pambıq əkib. Bu il də sahəsində məhsul çoxdur. O, yetişdirdiyi məhsulun son qozasına qədər toplamaq bütün qüvvəsini səfərbər edib.
“Bu mövsüm 40 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsul ötən ildəkindən də çoxdur. Yığım apardığım sahənin hər hektarından 25 sentnerdən çox məhsul götürmüşəm. Hələ sahəmdə pambıq çoxdur. Əminəm ki, mövsümün sonunadək hər hektarın məhsuldarlığı 35 sentnerə çatacaq”, - deyə fermer bildirib.

Kənd təsərrüfatı 2020-10-22 12:53:00