×
A
A
A
Sazlamalar

Vasif Əliyev: Pandemiya ilə bağlı arxa cəbhədəki məsuliyyətsizlik ön cəbhə üçün çətinliklər yarada bilər

Bakı, 22 oktyabr, AZƏRTAC 

Mütəxəssislər əhaliyə xəbərdarlıq edir, həyəcan təbili çalırdılar ki, yoluxma sayları artıma doğru gedir. Hazırkı rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım tempi davam edəcək. Hazırda insanlarda o qədər arxayınlıq yaranıb ki, virusa qarşı zəruri tədbirləri görməkdən imtina edirlər. Haqlı olaraq bütün diqqət ön cəbhəyə yönəlib. Lakin arxa cəbhəni də unuda bilmərik.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
“Pandemiya ilə bağlı arxa cəbhədəki nailiyyətsizlik ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə həkim, əsgər-zabit heyətinə də təsir göstərə, xəstəxanalarda həkim, eyni zamanda, çarpayı qıtlığına səbəb ola bilər. Bu problemin bizim qələbə sevincimizə təsir göstərməməsi, zabitlərimizin, əsgərlərimizin koronavirusa düçar olmaması üçün arxa cəbhədəki vətəndaşlar maksimum dərəcədə diqqətli olmalıdırlar.
Rəqəmlərin artımına səbəb fərdi məsuliyyətsizlik və arxayınlaşmadır. Yoluxma saylarındakı stabillik arxayınlaşmaya səbəb oldu. Yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Lakin indi elə bir dönəmdir ki, vətəndaşlar daha həssas, daha məsuliyyətli olmalıdırlar. Yoluxma saylarındakı artım qaydalara əməl edənlərin sayının ötən aylara nisbətən azaldığının göstəricisidir. Bəzi vətəndaşlar bunu ikinci dalğa adlandırırlar, lakin mən deyərdim ki, bu, var olan dalğanın ehtiyatsızlıq səbəbindən yüksəlməsidir”, - deyə V.Əliyev qeyd edib.
Mütəxəssis bildirib ki, pandemiyanın qarşısını almağın yeganə yolu onu lokallaşdırmaqdır. Ona görə də xəstələrlə və ya xəstə olacağı ehtimal edilənlərlə təmasın qarşısı alınmalıdır. Bunun üçün bəsit tədbirlərə daha məsuliyyətli və ciddi yanaşılmalıdır: “Qaydalara, tövsiyələrə əməl edilməsinin nəticəsini iki həftədən sonra görə bilərik. İnkubasiya dövrünü nəzərə alsaq, bu müddət ərzində ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. Xəstəliyin yayılmasının qarşısını almaq üçün vətəndaşlar təmasdan qaçmalıdırlar. Həmçinin onlar zəruri olmadıqca bir-birinin evinə getməməli, görüşməməli, qapalı məkanlarda mütləq maska istifadə etməlidirlər. Gigiyena qaydalarına əməl etmək unudulmamalıdır. Hazırda kritik günlər yaşayırıq. Burada vətəndaşların məsuliyyətinə güvənmək vəziyyəti daha da çətinləşdirə bilər. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi nisbətən sərtləşdirildi. Lakin təhsil müəssisələrinin bağlanması, metronun işləməməsi yetərli olmaya, insanların təmas etdiyi başqa obyektlərdə xəstəliyin ötürülməsi davam edə bilər. Düşünürəm ki, buna ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür, qaydalara əməl etməyənlər sərt şəkildə cəzalandırılırlar. Zənnimcə, belə cəza tədbirləri qüvvəyə minməlidir. Əgər vəziyyət kritikləşsə, yayda olduğu kimi təkrarən daha da sərt karantin rejiminə keçilə bilər. Azərbaycan haqq savaşındadır və torpaqlarımızın azadlığı uğrunda mübarizədə yaralılarımız da var. Onlara da tibbi xidmət göstərəcək həkim heyəti, tibbi personal, həmçinin xəstəxanalarda çarpayı lazımıdır. Əgər xəstəxanaları məsuliyyətsiz davranaraq yoluxan insanlarla doldursaq, o zaman vəziyyət çətinləşər. Hazırda bizim səhv etməyə, diqqətsiz davranmağa haqqımız yoxdur.
Son statistikaya görə ötən gün Azərbaycanda koronavirusa 714 nəfər yoluxub. Yoluxmanın ədədi silsilə ilə artdığını nəzərə alsaq, rəqəmlərin 1000-dən yuxarı çıxma ehtimalı da var. Bununla yanaşı, yoluxanların sayı sağalanların sayını xeyli üstələyir. Xəstəliyin yayılmasına özümüz şərait yaradırıq. Məsuliyyətsizlik səbəbindən yoluxanların sayı get-gedə artmaqdadır. Təbii ki, məsuliyyətli insanlar da var. Lakin qurunun oduna yaş da yanır. Burada ictimai qınağın olması vacibdir. İctimai qınaq vətəndaşların əksəriyyətinin qaydalara əməl etdiyi halda mümkündür. Yəni, onlar digərlərini də qaydalara əməl etməyə məcbur edə bilərlər”.

Səhiyyə 2020-10-22 12:36:00