×
A
A
A
Sazlamalar

Gürcüstan Daxili İşlər Nazirliyi: girovlar azad edilib, cinayətkar axtarışdadır

Bakı, 22 oktyabr, AZƏRTAC

Gürcüstanın Zuqdidi şəhərindəki bankda girov götürülən bütün insanlar azadlıqdadır, cinayətkarın axtarışı davam edir.
AZƏRTAC Gürcüstan telekanallarına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, oktyabrın 21-də qumbara və avtomatla silahlanmış naməlum şəxs ölkənin qərbində yerləşən Zuqdidi şəhərində Gürcüstan Bankının binasına daxil olaraq 43 nəfəri girov götürüb. Hərbi geyimli cinayətkar hakimiyyətdən 500 min dollar, avtomobil və ya helikopter, həmçinin təhlükəsizliyinin təmin olunmasını tələb edib.
Girovların azad olunması üzrə əməliyyat yeddi saatdan çox davam edib. Gürcüstan Daxili İşlər nazirinin də iştirak etdiyi danışıqlardan sonra tələb olunan vəsait cinayətkara verilib. Axşam saatlarında silahlı şəxs üç girov və polis əməkdaşı ilə birgə bank binasını tərk edib. Silahlı cinayətkar girovları Kirtsxi kəndi yaxınlığında azad edib və gizlənib.

Dünya 2020-10-22 11:48:00