×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

Bakı, 22 oktyabr, AZƏRTAC
İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi.
Bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon kubmetr inşaat daşı, 14 milyon kubmetr çınqıl, 6 618 min kubmetr üzlük daşı, 1,1 milyon kubmetr gil, 2,5 milyon kubmetr qum, gündəlik ehtiyatı 18000 kubmetr/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.
O, həmçinin bildirib: “Hazırda həmin faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.
Hazırda əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda, Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir”.

Ekologiya 2020-10-22 10:52:00