×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Ordumuzun yeni zəfərləri düşməni işğal altında saxladığı digər əraziləri də tərk etməyə məcbur edəcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun uğurlu həmlələri yeni kənd və şəhərlərimizin işğaldan azad edilməsi ilə müşahidə edilməkdədir. Xudafərin körpüsü üzərində ucaldılan üçrəngli bayraq, Azərbaycan-İran sərhədinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır. Eyni zamanda, Ordumuzun uğurlu əks-hücumları və yeni-yeni zəfərləri düşmənin digər torpaqlarımızından qovulacağı günün də çox uzaqda olmadığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O qeyd edib ki, Zəngilan, Füzuli və Cəbrayıl şəhərlərinin, bu rayonların bir neçə kəndinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin işğaldan azad olunması Ordumuzun missiyasını uğurla yerinə yetirdiyinin təzahürüdür. Sentyabrın 27-dən bu günədək işğalçıya qarşı aparılan mübarizədə çox böyük nəticələr əldə edilib. Ordumuzun zərbələri ilə düşmən işğal altında saxladığı digər torpaqları da tərk etməyə, qəti məğlubiyyətlə barışmağa məcbur olacaq.
"Azərbaycan-İran sərhədinin bərpa edilən hissəsində sərhədçilərimiz xidmət aparmaqda, sərhəd təhlükəsizliyimizi təmin etməkdədir. Hazırda qarşıda duran əsas vəzifə Azərbaycan-Ermənistan sərhədini də bərpa etmək, ərazi bütövlüyümüzü təmin etməkdir. Hər bir azərbaycanlı əmindir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu bu tarixi vəzifəni uğurla başa çatdıracaq, xalqımızın qəhrəmanlıq tarixində yeni bir səhifə açacaq", - deyə C.Xəlilov vurğulayıb.

Sosial 2020-10-21 22:26:00