×
A
A
A
Sazlamalar

Döyüş meydanında qazanılan uğurlarımız ölkəmizin siyasi, iqtisadi, diplomatik sahələrdə əldə etdiyi nailiyyətlərin məntiqi nəticəsidir

Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il keçsə də, bu problem ötən illər ərzində öz həllini tapmadı. Prezident İlham Əliyev bu münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etdi. Lakin mənfur ermənilər öz əməllərindən əl çəkməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” fikrinə düşdülər. Ordumuzun əks-hücum əməliyyatlarına başlamasına səbəb də erməni ordusunun yaşayış məntəqələrimizi atəşə tutması oldu.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən “Naxçıvan” Universiteti Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Nəzakət Yusifova deyib ki, körpələri, qadınları, qocaları gecə yatdıqları yerdə raket atəşinə tutmaq insanlığa sığmayan cinayətdir. Bu, düşmənin mənfur, faşist simasını bir daha ortaya qoydu. Ermənilər Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktını bu dəfə başqa bir formada davam etdirdilər. Gəncə, Tərtər, Ağdam, Bərdə, Naftalan və digər yaşayış məntəqələrimizdə törədilən vəhşiliklər insanlığa qarşı ağır cinayətdir. Görəsən, dünyada insan hüquqlarını, uşaqların müdafiəsini “diqqətdə saxlayan” bəzi beynəlxalq təşkilatların niyə səsi çıxmır? “İnsan haqları” carçılarının səsi niyə “kəsilib”? Bəzi dövlətlər niyə erməni vəhşiliyinə konkret münasibətini bildirmir? Onları müdafiə edənlər də, görəsən, faşist ideologiyasına xidmət edirlər?
“El arasında belə bir deyim var: dost dar gündə tanınar. Biz bu günlərdə dostu da, düşməni də yaxşı tanıdıq. Azərbaycan xalqı dostu da, düşməni də heç vaxt unutmur və bundan sonra unutmayacaq. İstənilən halda biz öz daxili gücümüzə, potensialımıza arxalanırıq. Vətən müharibəsinin başlandığı gündən bu tərəfə Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin və 80-dən çox kəndimizin erməni işğalından azad edilməsi, Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsində hündürlüklərdə yerləşən düşmən postlarının darmadağın edilməsi, hakim yüksəkliklərin nəzarətə götürülməsi onu göstərir ki, bu gün Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirir”, - deyə N.Yusifova bildirib.
O deyib ki, bugünkü hərbi uğurlar ölkəmizin siyasi, iqtisadi, diplomatik, sahələrdə əldə etdiyi böyük nailiyyətlərin məntiqi nəticəsidir. Bu gün hər kəsin könüllü olaraq döyüşlərə yollanmaq arzusunda olması xalqımızda vətənpərvərlik hisslərinin yüksək olması ilə bağlıdır. Ermənistan ordusunda isə vəziyyət tam fərqlidir. Erməni polisi bu gün ölkədəki gəncləri zorla, sürüyərək hərbi xidmətə göndərməyə çalışır. Ancaq nəinki onlar, hətta döyüş xəttində olan erməni əsgərləri belə baş götürüb qaçır, fərarilik edirlər. Ermənilərin ümidləri terrorçulara, Suriyadan, Livandan və digər ölkələrdən gətirilən muzdlulara qalıb: “Müqayisə aparanda bir daha əmin oluruq ki, biz tezliklə bütün torpaqlarımızı erməni işğalından azad edəcəyik. Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndində dalğalanacaq. O günü bütün Azərbaycan xalqı səbirsizliklə gözləyir. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Regionlar 2020-10-21 21:12:00