×
A
A
A
Sazlamalar

Yunan oxuculara Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri barədə məlumat verilib

Afina, 21 oktyabr, AZƏRTAC

Yunanıstanda geniş oxucu kütləsinə malik “Eleftheros Typos” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlığı çərçivəsində “ELISME” Strateji Tədqiqatlar İnstitutunun Yaxın Şərq və Aralıq Dənizi tədqiqatlar proqramının rəhbəri, politoloq Dr. Evangelos Venetisin müəllifliyi ilə “Dağlıq Qarabağ münaqişəsinin tarixi” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə oxucular münaqişənin tarixi, hüquqi aspektləri və həlli prosesi barədə məlumatlandırılıb. Bildirilib ki, SSRİ-nin süqutundan sonra “Uti possidetis” beynəlxalq hüquq norması yeni yaradılmış respublikaların sərhədlərinin toxunulmazlığına beynəlxalq və regional legitimlik verib. Sözügedən hüquq normasına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla Azərbaycanın keçmiş inzibati sərhədləri daxilində müstəqilliyi tanınıb. Eyni zamanda, bu sərhədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində öz təsdiqini tapıb.
Yunan ictimaiyyətinin diqqətə çatdırılıb ki, həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Siyasət 2020-10-21 19:55:00