×
A
A
A
Sazlamalar

Ermənistan beynəlxalq hüququ hərtərəfli pozan və eyni zamanda, dünya ictimaiyyətindən imdad diləyən yeganə ölkədir

Bakı, 21 oktyabr, AZƏRTAC

Sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi hər keçən gün uğurlu nəticələri ilə Azərbaycan xalqını sevindirməkdədir. Bu uğurların fonunda tükənən Ermənistan ordusu Paşinyan hakimiyyətini dünya liderlərinin və beynəlxalq təşkilatların qapısını döyməyə vadar edib. Paşinyan və onun komandası beynəlxalq təşkilatları, hətta təmsil olunduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) susqunluqda ittiham edir, Azərbaycana təzyiq göstərilməsi üçün dəridən-qabıqdan çıxır. Lakin onların unutduğu bir məqam vardır ki, 30 ilə yaxın beynəlxalq hüququ heçə sayan Ermənistan artıq beynəlxalq arenada ciddi qəbul olunmur, çünki irəli sürdükləri bütün iddialar əsassızdır.
Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti Xəyal İsgəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Hərbi ekspert vurğulayıb ki, hazırkı müharibə Ermənistan Respublikasının xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini də kobudcasına pozduğunu, regionda ciddi təhlükəsizlik təhdidinə çevrildiyini göstərir. Belə ki, 1992-ci il noyabrın 9-da qüvvəyə minmiş Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə əsasında SSRİ-nin mövcud olan kvotasını bölüşdürərkən Ermənistanın payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. Lakin Ermənistan Respublikası bu kvotanı nəinki pozub, hətta Paşinyanın hakimiyyəti dövründə bunu nümayişkaranə şəkildə göstərməkdən çəkinməyib.
“Qlobal Atəş Gücü-2020” indeksinə görə, Ermənistan Respublikası dünya ölkələri arasında (138 ölkənin hesabatı üzrə) 111-ci yerdə qərarlaşır. Mənbə göstərir ki, Ermənistan ordusunda 110 tank, 748 zirehli texnika (PDM, BTR, ZTR, BRDM və s.), 38 özüyeriyən və 150 qoşqulu artilleriya qurğusu var. “ArmedForces.eu” saytında Ermənistan ordusunda 529 tank, 1000 zirehli texnika və 436 artilleriya qurğusunun olduğu iddia edilir ki, bu rəqəmlər daha real görünür. Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Tomas Baranec və Beskid Juraj bildirirlər ki, Ermənistan ordusunun 170 tankı, 250 zirehli texnikası, 360-dan çox artilleriya qurğusu Dağlıq Qarabağda yerləşdirilib. Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən oktyabrın 20-dək düşmənin 241 tankı məhv edilib, 39 tankı isə hərbi qənimət kimi götürülüb (cəmi 280 tank). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq sual verir: “Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?”
Əslində, bu fakt Ermənistanın xarici qüvvələr tərəfindən silahlandırılması barədə iddiaları əsaslandırmağa imkan verir. Məsələ ondan ibarətdir ki, bəzi ölkələr bu qədər faktın qarşılığında nədənsə əllərində heç bir sübutu olmayan İrəvana inanmağı seçirlər ki, bu da ikili standartların mövcudluğunu yenidən gündəmə gətirir, beynəlxalq hüququn işləmədiyini nümayiş etdirir. Türkiyə Respublikası nümayəndələrinin də cəlb olunduğu inspeksiya qrupunun Ermənistanda həyata keçirməli olduğu yoxlamanın 2020-ci il iyulun 29-da İrəvanın istəyi ilə təxirə salınması da bu faktı sübut edir. Çünki Paşinyan hakimiyyətinin yeni müharibəyə hazırlaşdığı əvvəlcədən məlum idi. İraqda və Suriyada təlim keçən YPG/PKK terrorçularının Dağlıq Qarabağ bölgəsinə köçürülməsi faktı da bu məlumatı təsdiqləyir. Nəticə etibarilə beynəlxalq hüquq normalarını çeynəyən Ermənistan hakimiyyəti hansı haqla beynəlxalq təşkilatlardan yardım istəyir və hətta onları “laqeydlikdə” ittiham edir? Əslində, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin VII, VIII, IX və X bölmələrinə uyğun olaraq Ermənistanda yoxlamalar aparılmalı, nəticələri haqqında beynəlxalq ictimaiyyətə məlumat verilməli və Ermənistanın qeyri-qanuni silahlandırılmasında iştirak edən qüvvələr ifşa olunmalıdır.
Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilənin kvotalarına görə Ermənistan ordusunda 60,000 hərbçi xidmət edə bilər. Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun 2020-ci il statistikasına görə, Ermənistan Respublikası silahlı qüvvələrinin sayı 44,800 nəfərdir. Ehtimal olunur ki, Ermənistan ordusunun təxminən 20-22 minlik şəxsi heyəti Dağlıq Qarabağ ərazisində yerləşdirilmişdir. Lakin sentyabrın 27-dən başlayan əməliyyatların nəticəsində (təxminən 20 günlük) Ermənistanın Dağlıq Qarabağdakı ordu hissələri demək olar ki, tamamilə sıradan çıxarılıb.
Xəyal İsgəndərov bildirib ki, şəxsi heyəti də daxil olmaqla Ermənistan Respublikasının hərbi resursları demək olar tükənib. Ancaq hökumət yenə də xalqa yalan danışır ki, guya ordu taktiki manevrlər edir və geri çəkilmə də bu taktikanın bir hissəsidir. Ermənistan döyüş meydanındakı cəsədləri götürmək üçün atəşkəs istədi, lakin ilk fürsətdə atəşkəs müqaviləsinin tələblərini pozdu və beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncədə, Tərtər və Mingəçevirdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirdi. Atəşkəsi yalnız yenidən təşkilatlanma məqsədilə vaxt qazanmaq üçün istədiyindən Ermənistan hökuməti cəsədləri döyüş meydanından çıxarmaqda maraqlı deyil. Ermənistanda ailələrə nə qədər çox cəsəd çatdırılarsa, Paşinyana qarşı daha çox narazılıq yaranar və bu da vaxtilə onun hakimiyyətə gəlməsinə oxşar yeni inqilabla nəticələnər.
Əgər Paşinyan əvvəllər “Dağlıq Qarabağ ordusu” olduğunu iddia edirdisə, indi Ermənistan Respublikasının bütün resurslarını döyüşlərə cəlb etdiyi göz qabağındadır. Beşinci ordu korpusunun komandiri general-mayor Andranik Piloyana “milli qəhrəman” adının verilməsi, hətta ehtiyatda olan korpusun döyüşə cəlb edilməsinə bir işarədir.
“Beləliklə, beynəlxalq konvensiyaların tələblərini pozaraq, Dağlıq Qarabağda cəmləşdirdiyi silah və texnika Azərbaycanı haqq savaşından çəkindirməyəcək və Azərbaycan Ordusu düşməni döyüş meydanında əzməyə davam edəcək. Aparılan təhlillərdən məlum olur ki, Ermənistan Respublikası öz silah və texnikasının təxminən 50 faizini itirib. Bununla yanaşı, Paşinyanın sıravi erməni xalqını silaha sarılmağa və döyüşməyə çağırması da onun çarəsizliyini göstərir. Nəzərə alsaq ki, Azərbaycanda hərbi xidmətə yararlı heyətin sayı 3 milyondan artıq olduğu halda, Ermənistanda təxminən 809 min nəfərdir, onda Paşinyanın çarəsizliyinin səbəbini başa düşmək olar. Nəticə etibarilə Ermənistan ordusunun kapitulyasiyası gözləniləndir və qısa zaman məsələsidir”, - deyə hərbi ekspert vurğulayıb.

 

Ordu 2020-10-21 19:27:00