×
A
A
A
Sazlamalar

Füzuli sakini: İnanırdıq ki, Azərbaycan Prezidenti bizi sevindirəcək

Bakı, 21 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Bu gün nəinki hər bir füzulilinin, bütün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Nə qədər dövlətin diqqət və qayğısı ilə əhatə olunsaq da, yurd həsrəti hər zaman içimizi göynədib. Mən bilirəm ki, el-obasından didərgin düşmüş bütün insanlarımız bu hisslə yaşayıblar. Çünki doğulduğun, böyüyüb-başa çatdığın torpaq bir ayrıdır. Qürur və sevinc hisslərini bizə yaşatdığı üçün Füzuli rayon sakinləri adından başda Azərbaycan Prezidenti, Ali Baş Komandan olmaqla, Ordumuza, ümumiyyətlə, əməyi keçən hər kəsə təşəkkür edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli rayon sakini Həyat Tağıyeva deyib.
H.Tağıyevanın sözlərinə görə, Füzuli rayon 45 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. 1993-cü ildən məcburi köçkün kimi Bakıya pənah gətirdiklərini deyən Həyat Tağıyeva deyib: “Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində bir çox insanlar kimi, biz də yurdumuzdan, elimizdən-obamızdan didərgin düşdük. Uzun müddət Binəqədi qəsəbəsindəki sanatoriyada müvəqqəti yaşamışıq. Şəraitimiz nə qədər çətin olsa da, evimizə qayıdacağımız günü səbirsizliklə gözlədik və ən əsası, dövlətimizə güvəndik. İnanırdıq ki, gec-tez Azərbaycan Prezidenti biz məcburi köçkünləri sevindirəcək”.
Füzuli sakini bildirib ki, bu ildən məcburi köçkünlər üçün Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün tikilmiş yeni yaşayış kompleksində mənzillə təmin olunub. Bütün şəraiti olsa da, doğma yurda qayıtmaq onun və həmyerlilərinin ən böyük arzusudur.

Sosial 2020-10-21 19:18:00