×
A
A
A
Sazlamalar

Melioratorlar işğaldan azad olunmuş ərazilərdə subartezian quyularının bərpasına başlayıblar

Bakı, 21 oktyabr, AZƏRTAC
İşğal altında olan bir sıra şəhər və kəndlərimiz Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı nəticəsində azad olunub. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, ərazilər azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cəbrayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib. Erməni faşistləri tərəfindən yararsız hala salınan subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusunda kabel, nasos, boru, elektrik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib.
Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 hektar ərazidə yerləşən binaları su ilə təmin edir.
Xatırladaq ki, ümumilikdə 943 subartezian quyusu işğal altında idi. Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenidən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcək. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik.

 

Regionlar 2020-10-21 19:15:00