×
A
A
A
Sazlamalar

SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xətləri çəkir

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə “SOCAR Georgia Gas” MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın İqtisadi İnkişaf nazirinin müavini David Tvalabeişvili iştirak ediblər. Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13 min 145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaq. “SOCAR Georgia Gas” MMC cari il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikintisini tamamlamağı planlaşdırır. Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2483 potensial abonent qazla təmin ediləcək.
Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilib. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılıb. Plana uyğun olaraq, cari ildə daha 7 kənddə 1111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəməri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2 faiz təşkil edir.
SOCAR-ın prezidenti daha sonra Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan Yırğançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak edib. Mərasimdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak ediblər. Yırğançay kəndinin qazlaşdırılması nəticəsində 496 yeni abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb.
Məlumat verilib ki, Dmanisi bələdiyyəsində ümumilikdə 295 kilometr uzunluğunda qaz boru kəməri inşa edilib, 7029 abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb. 2020-ci ildə burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır. Dmanisi bələdiyyəsi üzrə ümumi qazlaşdırma səviyyəsi 83,1 faizdir.
Ümumiyyətlə, bu il sentyabrın 1-nə olan məlumata görə, SOCAR tərəfindən bütün Gürcüstan üzrə 10 min 297 kilometrdən artıq qaz kəməri çəkilib və 306 min 504 abonent qazla təmin olunub. Cari il üçün 15 yaşayış məntəqəsində 2483 potensial abonenti əhatə edəcək 128,9 kilometrlik qaz şəbəkəsinin çəkilişi planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 min 300 kilometrlik qazpaylayıcı şəbəkənin operatorluğunu həyata keçirir və 742 mindən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın səviyyəsi 76,9 faiz təşkil edir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Neft - qaz 2020-10-21 19:03:00