×
A
A
A
Sazlamalar

Yusif Abdullayev: Azərbaycan Ordusu hərb tariximizə qələbə müjdəli səhifələr yazır

Lənkəran, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu gün rəşadətli Azərbaycan Ordusu haqq-ədalət savaşında-Vətən müharibəsində hərb tariximizə qələbə müjdəli səhifələr yazır.
Bu sözləri şəhid ailəsi, “20 Yanvar” İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri Yusif Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə söyləyib.
Azərbaycanın nizamlı, peşəkar ordusunun cəbhənin bütün istiqamətlərində üstünlüyü ələ aldığını, hər gün işğal atında olan yaşayış məntəqələrin azad etdiyini vurğulayan şəhid ailəsi, mənfur düşmənlərimizin uzun illər boyu davam edən rəzil xislətləri ucbatından cəbhədə ağır məğlubiyyətə düçar olduğunu diqqətə çatdırıb: “Hər gün ailəmizin üzvləri televizordan cəbhədən gələn qələbə müjdəli xəbərləri səbirsizliklə gözləyirlər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev hər dəfə televizordan işğal altında olan yaşayış məntəqələrinin azad edilməsi barədə verdiyi xəbərləri böyük sevinclə, qürur hissi ilə qarşılayır, bu qələbələri bayram kimi qeyd edirik”.
Sülhsevər xalqımızın, beynəlxalq təşkilatların çağırışlarına heç bir məhəl qoymayan mənfur düşmənlərimizin döyüş meydanında böyük məğlubiyyətə düçar olduqdan sonra dünya liderlərinə zəng edərək yalvardığını, kömək istədiyini vurğulayan Y.Abdullayev Ali Baş Komandan İlham Əliyevin “Müharibə yalnız erməni işğalçılarının torpaqlarımızı tərk etdikdən sonra dayana bilər!” cavabından sonra miskin, rəzil vəziyyətə düşdüyünü bildirib.
O daha sonra deyib: “Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib, orduya dəstək nümayiş etdirir. Xalqımızın istəyi birdir - Qarabağ torpaqlarını işğaldan azad etmək, üçrəngli Azərbaycan bayrağını işğal altında olan torpaqlarda ucaltmaq! Bu gün müharibədə şəhidlər veririk, çünki qələbəyə gedən yol şəhidlikdən keçir. Mən, şəhid ailəsi kimi, torpaqlarımızın azad olunmasında şəhid olanların qarşısında baş əyirəm, Allahdan onlara rəhmət diləyirəm. Xalqımıza, Ali Baş Komandamıza, rəşadətli ordumuza yeni-yeni qələbə sevincləri arzulayıram. İnanıram ki, Azərbaycan bu haqq-ədalət savaşında qalib gələcək! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Regionlar 2020-10-21 18:51:00