Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Türkiyə Respublikası Ombudsmanı ilə görüş olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Şeref Malkoçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, Azərbaycan–Türkiyə əlaqələrinin ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslandığını vurğulayıb. Fərhad Abdullayev diqqətə çatdırıb ki, qardaş ölkələrimiz arasındakı münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində dayanmadan inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər daim güclənir.
Qeyd olunub ki, Türkiyənin müstəqil Azərbaycanın əzəli torpaqları və ayrılmaz parçası olan Dağlıq Qarabağ, eləcə də işğal olunmuş digər ərazilər uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi, həm də ədalətin qələbə çalmasına dəstək verməsi əsl qardaşlıq göstəricisidir.
Diqqətə çatdırılıb ki, Ermənistan ordusunun sentyabrın 27-də beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində mülki şəxslər və əsgərlər arasında ölən və yaralananlar olub. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan verdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək Ermənistan ordusuna sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzmini nümayiş etdirir.
Fərhad Abdullayev görüşdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumlarından da danışıb. Bildirib ki, oktyabrın 11-i və 17-si gecə saatlarında düşmənin silahlı qüvvələri öz çirkin əməllərinə əl ataraq, Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törədib. Ermənistan hərbçiləri raket sistemindən istifadə edərək, Gəncədə əhalinin sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutub. Dünya tarixinə yazılacaq bu qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edir. Hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşməsinə baxmayaraq, Gəncənin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin çirkin məqsədlərindən xəbər verir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.
Azərbaycan dövləti ərazi bütövlüyünün bərpa olunmasına, torpaqlarının işğaldan azad edilməsinə yönəlmiş hərbi əməliyyatı ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını təmin edir.
Sədr Fərhad Abdullayev işğal olunmuş torpaqlarda qeyri-legitim məhkəmələrin yaradılmasına toxunaraq, dinc əhaliyə qarşı terror aktları törədən və zorakılıq tətbiq edən Ermənistanın hərbi-siyasi rəhbərlərinin beynəlxalq tribunal qarşısında məsuliyyət daşıyacaqlarına, işğal altındakı Azərbaycan ərazilərində isə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əmin olduğunu bildirib.
Görüşdə çıxış edən Baş Ombudsman Şeref Malkoç Türkiyə dövlətinin bütün məsələlərdə olduğu kimi, Azərbaycanı bu Vətən müharibəsində də dəstəklədiyini bir daha bəyan edərək iki ölkənin dostluğunun əbədi olacağını vurğulayıb. O, 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin erməni işğalçıları tərəfindən zəbt edilməsinə tezliklə son qoyulacağına və didərgin düşmüş bir milyona yaxın qaçqının dədə-baba torpaqlarına qayıdacaqlarına ümid etdiyini və bütün beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul etdiklərini deyib. Şeref Malkoç Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəs razılaşmasının pozulmasını və dinc insanların məskunlaşdığı yerləri atəşə tutmasını barbarlığın nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ombudsman Celile Özləm Tunçak Ermənistan Respublikası silahlı qüvvələrinin dinc əhalinin məskunlaşdığı Gəncə şəhərini raket atəşinə tutması nəticəsində azyaşlı uşaqların ölməsi və yaralanmasını, üç uşağın hər iki valideynini itirməsi faktını qeyd edərək işğalçı dövlətin sülh və insanlıq əleyhinə cinayət törətdiyini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu ifadə edib.
Görüşün sonunda Baş Ombudsman Şeref Malkoç Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri terror aktlarının cəzasız qalmayacağına əminliyini bildirdi və yaxın zamanda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu bildirib. Nümayəndə heyətinin üzvləri qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq ediblər.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edib.

Sosial 2020-10-21 18:49:00