×
A
A
A
Sazlamalar

NDU-nun tələbələri arasında futbol, voleybol və cüdo üzrə ictimai hakimlər hazırlanır

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) idman kompleksində tələbələr üçün keçirilən seminar-treninq başa çatıb. Futbol, voleybol, cüdo idman növü üzrə yarışlarda hakimlik edəcək tələbələrin təcrübəsinin möhkəmləndirilməsi məqsədini daşıyan tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali təhsil ocağında keçirilən məşğələlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, hər bir məşğələ tələbələrin müxtəlif idman növü üzrə təcrübələrinin artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.
Universitetin Bədən tərbiyəsi kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, seminar-treninqin əsas məqsədi tələbələr arasında futbol, voleybol və cüdo üzrə ictimai hakimlər hazırlanmasıdır. Həmin hakimlər universiada və muxtar respublika çempionatında iştirak edəcək və qazandıqları təcrübə əsasında futbol, voleybol, cüdo idman növü üzrə yarışlarda hakimlik edəcəklər.
Məmmədəli Rəhimov diqqətə çatdırıb ki, bilik, bacarıq və təcrübələrini zənginləşdirən hakimlərin gələcəkdə ümumrespublika və beynəlxalq yarışlarda iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, seminar 5 həftə davam edəcək. Seminar treninqə universitetin müəllimlərindən cüdo idman növü üzrə Cavanşir Rəhimov, voleybol üzrə Nazim Əliyev, futbol üzrə isə Yusif Vəliyev rəhbərlik edəcək.

Regionlar 2020-10-21 18:31:00