×
A
A
A
Sazlamalar

Tibb Universiteti və Ankara Universiteti arasında yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə işçi qrup yaradılacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan və bütün Türk dünyası üçün həssas olan bir dönəmdə qardaş Türkiyənin ən qabaqcıl universitetlərindən olan və uzun müddətdir sıx əməkdaşlıq etdiyimiz Ankara Universitetindən dəstək almaq bizi çox təsirləndirir.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ankara Universiteti ilə birlikdə keçirilən vebinarda bildirib.
G.Gəraybəyli iki universitet rəhbərliyi arasında keçirilən onlayn görüşdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən ordumuzun apardığı hərbi əməliyyatlar, işğaldan azad edilən ərazilər, xalqımızda mövcud yüksək əhval-ruhiyyə haqqında məlumat verib. Rektor, həmçinin terrorçu mahiyyətini gizlətməyən Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alması, indiyədək 60-dan çox dinc sakini - qadın və uşaqları qətlə yetirməsi, yüzlərlə yaşayış binasını dağıtması barədə danışıb. Rektor Azərbaycan ordusunun apardığı haqq savaşının tezliklə qələbə ilə başa çatacağından əmin olduğunu qeyd edib.
Rektor, həmçinin qardaş Türkiyənin və eyni zamanda, Ankara Universitetinin bu haqlı mübarizəmizdə yanımızda olmasından qürur hissi keçirdiyini bildirib və bu dəstəyə görə dərin minnətdarlığını ifadə edib.
Bununla yanaşı, G.Gəraybəyli tibb təhsili sahəsində Azərbaycanın ilk və ən öndə gedən təhsil ocağı olan ATU-da son illər aparılan islahatlar, tədris proqramlarının beynəlxalq standartlara və Türkiyə universitetlərinin proqramlarına uyğun olaraq dəyişdirilməsi barədə məlumat verib. Rektor Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan layihələr, iş birliyindən gözləntilər barədə də fikirlərini açıqlayıb.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev Azərbaycan Tibb Universiteti ilə Ankara Universiteti arasında 2019-cu ildə imzalanmış akademik iş birliyi protokolunun şərtləri barədə danışıb. Qeyd edib ki, protokola müəllim və tələbələrin mübadiləsi, qısa və uzunmüddətli kliniki kursların keçirilməsi və elmi araşdırmaların aparılması kimi bəndlər daxildir. O.İsayev Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsi vacib olan istiqamətlər haqqında da fikirlərini bölüşüb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sahəsində də əməkdaşlıq edilməsinin vacib olduğunu vurğulayıb.
Prorektor qeyd edib ki, hazırda ATU-da 717 Türkiyə vətəndaşı təhsil alır. Onlardan 410 nəfəri tibb ixtisası üzrə, 173 nəfəri stomatologiya, 134 nəfəri əczaçılıq ixtisası üzrə, 21 nəfəri isə rezidentura pilləsində təhsilini davam etdirir.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Ankara Universiteti olaraq daim Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib. Qeyd edib ki, Tibb Universiteti ilə Ankara Universiteti arasında əməkdaşlığı bir çox istiqamətlərdə möhkəmləndirmək olar. Bunların sırasında əczaçılıq ixtisası üzrə qarşılıqlı işlər görülə biləcəyi vurğulanıb. Professor ATU-da tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının gələcəkdə ikili diplom məsələsinin həllinə kömək edəcəyini bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb. O, ATU-nun Qazi Universiteti ilə əməkdaşlıq çərçivəsində tibb bacısı ixtisası üzrə kursların təşkil olunduğunu xatırladıb. N.Nəsibova Ankara Universiteti ilə əczaçılıq ixtisası üzrə əməkdaşlığının hər iki ali məktəb üçün əlverişli olacağına inandığını bildirib.
Vebinarda ATU-nun tədris hissə müdiri dosent, Samir Cavadov, əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Ankara Universitetinin rektor köməkçiləri, fakültə dekanları iştirak ediblər.
Görüş iştirakçıları universitetlər arasında yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə işçi qrup yaradılmasına razılıq veriblər.

Səhiyyə 2020-10-21 18:18:00