×
A
A
A
Sazlamalar

Fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (təlim dili) fənləri üzrə işçi qruplarının iclasları keçirilib
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda buraxılış və qəbul imtahanı proqramları, imtahan modeli müzakirə edilib.
Fizika fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.
Öncə qüvvədə olan 6-11-ci sinif dərslikləri əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Qəbul proqramında bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
Rus dili fənni üzrə gündəlik məsələ ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub. Müzakirədən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-9-cu sinif “Rus dili” dərsliklərinə baxılıb. Həmin dərsliklər əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyənləşdirilib. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
Daha sonra imtahan modelinin strukturu və məzmunu müzakirə edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Müzakirələr oktyabrın 28-də davam etdiriləcək.

Elm və təhsil 2020-10-21 17:54:00