×
A
A
A
Sazlamalar

MDB məkanında ekoloji monitorinqin əhəmiyyəti müzakirə edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

2020-ci il oktyabrın 22-24-də Sankt-Peterburqun Tavrida Sarayında “Hidrometeorologiyanın müasir problemləri və MDB məkanında ətraf mühitin monitorinqi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bununla əlaqədar onlayn formatda təşkil olunmuş mətbuat konfransında bildirilib ki, tədbirin təşkilatçıları Rusiya Dövlət Hidrometeorologiya Universiteti və MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasıdır.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Rusiya Dövlət Hidrometeorologiya Universitetinin rektoru Valeri Mixeyev, MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyi rəhbərinin müavini, Beynəlxalq demokratiya, parlamentarizm və MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət edilməsinin monitorinqi İnstitutunun direktoru İvan Muşket, Rusiya Dövlət Hidrometeorologiya Universitetinin inkişaf üzrə prorektoru Denis Leontyev, Qazaxıstan Prezidenti yanında Almatı vilayəti üzrə Dövlət İdarəçiliyi Akademiyasının professoru Sarkıtbek Moldabayev və Rusiya Dövlət Hidrometeorologiya Universitetinin Meteoroloji proqnozlar kafedrasının professoru Sergey Smışlyayev iştirak ediblər.
Valeri Mixeyev mətbuat konfransını açaraq qarşıdakı tədbirin aktuallığını, onun miqyasını və müzakirə ediləcək məsələlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, həmin tədbirdə iştirak etmək üçün MDB üzvü olan 8 ölkənin – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın universitetlərinin və digər təhsil müəssisələrinin 500-dən çox nümayəndəsi müraciət edib.
Valeri Mixeyev deyib: “Elmi-praktiki konfransların məqsədi təkcə problemləri qabartmaq və perspektivləri müzakirə etmək deyil, həm də tətbiqi elmi araşdırmaların nailiyyətlərini və nəticələrini nümayiş etdirməkdir. Biz bunu gözləyirik və ümid edirik ki, müzakirə edilən məsələlər üzrə canlı dialoq və fəal fikir mübadiləsi aparılacaq”.
İvan Muşket həmkarlarına xatırladıb ki, ətraf mühitin qorunması sahəsində norma yaradıcılığı MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin magistral istiqamətlərindən biridir. Ekologiya problemlərinə və ətraf mühitin qorunmasına həsr edilmiş model qanunvericilik aktlarının hazırlanması ilə MDB Parlamentlərarası Assambleyasının aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə 1992-ci ildə yaradılmış daimi komissiyası məşğul olur. İvan Muşket deyib: “Parlamentlərarası Assambleyanın fəaliyyəti dövründə 70 sənəd, o cümlədən ekologiya problemlərinə və ətraf mühitin mühafizəsinə həsr edilmiş model məcəllələr, model qanunlar, tövsiyələr, müraciətlər, habelə konvensiya layihələri qəbul edilib. Model sənədlər komissiyanın iclaslarında ətraflı müzakirə edilib və parlamentlərin müvafiq komitə və komissiyaları ilə razılaşdırılıb. Buraya MDB iştirakçısı olan dövlətlər üçün model tipli Su, Ekologiya, Torpaq, Meşə məcəllələri, Yerin təki və ondan istifadə haqqında məcəllə, habelə “Ekoloji təhlükəsizlik haqqında”, “Transsərhəd suların (su obyektlərinin) səmərəli istifadəsi və mühafizəsi haqqında”, “Ekoloji fəlakət zonaları haqqında”, “Təhlükəli maddələrin atılması/tullantıları ilə bağlı iri qəzaların qarşısının alınması və onların mümkün nəticələrinin məhdudlaşdırılması haqqında” və bir sıra başqa model qanunlar daxildir.
Denis Leontyev konfransın işinin necə qurulacağı barədə məlumat verib. O bildirib ki, tədbir altı seksiyadan ibarət olacaq: “Hava və iqlimlə bağlı aktual problemlər”, “Arktikadan Antarktikaya qədər hidrologiya və okeanologiya: nəzəriyyə və praktika”. “Qlobal dəyişikliklər şəraitində ekosistemlər”, “Ətraf mühitin mühafizəsi sahəsində texnosfer təhlükəsizlik və informasiya texnologiyaları”, “Cəmiyyətin inkişafının iqtisadi-idarəçilik problemləri və ekosferada hüquqi nizamlama problemləri” və “Elmi kommunikasiya: problemlər, perspektivlər, əsas kompetensiyaların formalaşması”.
Sarkıtbek Moldobayev konfransda müzakirə edilməsi planlaşdırılan problemlərin universallığı üzərində diqqəti cəmləşdirib.
“Bu problemlər təkcə Rusiya və ya təkcə Qazaxıstan üçün deyil, bütövlükdə planet üçün səciyyəvidir”, - deyən Moldabayev xatırladıb ki, BMT-nin davamlı inkişaf sahəsində hədəflərinin bir qismi iqlim dəyişmələrinə qarşı mübarizəyə və ətraf mühitin müdafiəsinə yönəlib.
Sergey Smışlyayev öz çıxışında bir məsələyə diqqəti cəlb edib ki, qlobal problemlər nəzərə alınmaqla MDB məkanında və dünya miqyasında informasiya mübadiləsi, monitorinq təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. O, iqlim dəyişmələri, havanın keyfiyyətinin pisləşməsi və dəniz mühitində baş verən dəyişikliklərlə bağlı problemlərə xüsusi diqqət yetirib.

Ekologiya 2020-10-21 17:40:00