×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın əməkdaşları könüllülər üçün təlim keçiblər

Bakı, 21 oktyabr, AZƏRTAC

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, təlim, eyni zamanda, BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində həyata keçirilib. Rəqəmsal ödənişlərə dair nəzəri və praktiki məlumat və bacarıqları əldə etmiş könüllülər DOST Agentliyinə müraciət edəcək ahıl və yaşlı vətəndaşların bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək. Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş təlimdə milli ödəniş sistemləri, ödəniş kartları və kartlarla əməliyyatlar, nağdsız ödənişlərin üstünlükləri, ödəniş kartları ilə fırıldaqçılıq halları, ani ödənişlər sistemi, elektron bankçılıq kimi mövzular ətrafında müzakirələr aparılıb, praktiki misallarla mövzular izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Əhalinin maliyyə maarifləndirməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini davam etdirəcək.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar iş yerlərində, dövlət və özəl təşkilatlarda maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin icrası davam etdirilir.

Maliyyə 2020-10-21 17:44:00