×
A
A
A
Sazlamalar

Şair Ramaldanov: Azərbaycan Ordusu döyüş əməliyyatlarında yüksək dəqiqlikli müasir hərbi texnologiyadan geniş istifadə edir

Bakı, 21 oktyabr, AZƏRTAC 

Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində müzəffər Ordumuzun Zəngilan şəhərinin və rayonun 6 kəndinin, eləcə də Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğunu bəyan etməsi əhalimizdə böyük sevinc və qürur hissi yaşadıb. Zəngilan şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad edilməsi doğrudan da tarixi qələbədir. Bu qələbə və dövlətimizin başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradıb.
Bu fikirləri Zəngilanın azad edilməsinin və bu hərbi uğurun Azərbaycan Ordusu üçün əhəmiyyətini AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Polkovnik Şair Ramaldanov bildirib ki, Zəngilanın azad olunması bu istiqamətdə bizə dövlət sərhədimizi bərpa etməyə, cənub istiqamətində Ermənistanla dövlət sərhədinə çıxışı təmin etməyə imkan verib. Bunun çox böyük psixoloji faktoru da var. Çünki Azərbaycan Ordusunun şəxsi heyəti irəlilədikcə həm xalqımızın, həm də ordumuzun şəxsi heyətinin vətənpərvərlik ruhu yüksəlir, qələbəyə inam daha da yüksəlir. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilər bizə başqa istiqamətlərdə növbəti addımlar atmaq üçün şərait yaradır. Zəngilanı azad etmək bizi həm də dövlət sərhədi baxımından Naxçıvana daha da yaxınlaşdırdı. Bunların hamısının strateji və prioritet önəmi vardır.
Ermənistanın çoxsaylı silah-sursatının, hərbi texnikasının məhv edilməsi, işğal olunmuş ərazilərin nəzarətdən kənar zona olmasından danışan, bunu beynəlxalq təşkilatların təftiş etmədiyinə görə onların da məsuliyyət daşıdığını bildirən ehtiyatda olan polkovnik qeyd edib ki, bu silahlara beynəlxalq qurumlar da nəzarət etməliydi. Beynəlxalq statistikaya əsasən demək olar ki, Ermənistanda heç bir silah və texnika qalmamalıydı. Amma bu döyüşlər onu göstərdi ki, külli miqdarda silah-sursat, hərbi texnika, qurğular qaçaq yolu ilə Dağlıq Qarabağda cəmləşdirilib. Beynəlxalq qurumlarda bu silahlar haqqında heç bir məlumat yoxdur. Bu da onu göstərir ki, Dağlıq Qarabağ ərazisi nəzarətdən kənar olub. Oraya terrorçuların hazırlanması, terror düşərgələri, narkotik ticarəti, silah və texnikaların beynəlxalq təşkilatlardan gizlədilən ərazidir. Azərbaycanın oraya nəzarət etmək imkanı mümkün olmayıb. Beləliklə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları və aparılan təhlillər beynəlxalq qurumların bu məsələyə diqqətini cəlb edəcək. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra mümkün olacaq.
Bugünkü hərbi uğurlarda Ali Baş Komandan İlham Əliyevin rolundan, onun hərbi, diplomatik, iqtisadi sahədə siyasətindən, müharibəyə kompleks hazırlıqdan, müasir hərbi texnikalardan söz açan hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində sürətlə inkişaf edərək, ən qüdrətli ordular arasında yer alıb. Dövlətimizin başçısı ordumuzun ən müasir silah-sursatlarla, eləcə də maddi-texniki təminatına yüksək diqqət göstərib. Ordumuza beynəlxalq aləmdə münasibət də dəyişib. Azərbaycan nümayəndə heyəti müdafiə sənayesi sərgilərində daim hörmətlə qarşılanır. Ona görə ki, hər kəs ölkəmizin müasir silahlar aldığını və ordumuzu bu silahlarla təmin etməyə imkanı olduğunu bilirlər.
Azərbaycan Ordusunun texniki üstünlüyü barədə məlumat verən polkovnik deyib ki, vaxtilə keçirilən genişmiqyaslı təlimlər məhz bu gün aparılan əməliyyatların uğurla keçirilməsinə töhfə verir. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən peşəkar orduları sırasındadır. Azərbaycan Ordusunda hərbi döyüş qabiliyyətini müəyyənləşdirən vəzifələrdə müddətdən artıq xidmət edən heyət çoxluq təşkil edir. Bəzən müqavilə əsasında xidmət üçün bir vakant yerə 10-15 nəfər namizəd olur. Bu da Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Bu gün Azərbaycan Ordusuna xalqın müsbət münasibətini görürük. Bu da ordumuzun cəmiyyətdəki nüfuzunun göstəricisidir.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına, düşmənə bir daha özünə gəlməyə imkan verməyən sarsıdıcı zərbələr vurulmasına imkan verir. Qazanılan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illərdir gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Azərbaycan Ordusu hazırda ən müasir döyüş standartları əsasında hərbi əməliyyatlar aparır. Belə müharibə antiterror əməliyyatlarında yüksək dəqiqlikli müasir hərbi texnologiyanın istifadəsini, asimmetrik döyüş taktikasının geniş tətbiqini nəzərdə tutur.
“Digər tərəfdən, Azərbaycan ildən-ilə hərbi büdcəsini məqsədyönlü şəkildə artırıb, bu dövrdə xalqımız hərbi büdcənin artmasına töhfə verib. Bu gün döyüş meydanında hər bir vətəndaş formalaşdırılmış hərbi büdcənin bəhrəsini görür, özünün bu prosesdə bilavasitə iştirakına sevinir. Bu gün Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlıq səviyyəsi və qələbə əzmi o səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra edilir. Artıq Ordumuzun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır, bu sahədə də Azərbaycan standartları öyrənilir. Bütün bu kompleks uğurlar Prezidentimizin apardığı işlərin nəticəsidir. Bugünkü uğurlar göstərir ki, Ali Baş Komandan ordumuzu müasir silah və texnika ilə təmin edilməsinə hər zaman diqqət göstərib. Həmin müasir silah və texnikalar bu gün Azərbaycan Ordusuna məhz XXI əsrin müasir döyüş aparmaq taktikasını seçməyə imkan verir. Müasir silahlar isə döyüşün planlaşdırılmasına bilavasitə təsir göstərir. Əldə olunan ən müasir silahlar və texnika şəxsi heyətimiz arasında itkiləri minimuma endirən döyüş taktikasını seçməyə imkan verir. Çünki biz əvvəlcə düşmənin şəxsi heyətini, onun texnika və atəş vasitələrini darmadağın edir, döyüş təmasınadək müqavimətini zəiflədir və Azərbaycan Ordusunun əsgərlərini qorumağa nail oluruq. Şəxsi heyət arasında itkilərə minimuma endirəcək taktiki üsullar seçmək, bu zaman həm də verilən əmrləri və tapşırıqları yerinə yetirmək isə müasir döyüşə yanaşmalardan biridir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Ordu 2020-10-21 17:15:00