×
A
A
A
Sazlamalar

Əcnəbi diplomatlar üçün təşkil edilən xarici siyasət proqramı üzrə ixtisasartırma kursu başa çatıb

Bakı, 21 oktyabr, AZƏRTAC

ADA Universiteti və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik), AIDA tərəfindən inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə bir sıra Afrika ölkələrinin diplomatları üçün onlayn formatda təşkil edilən “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” adlı ixtisasartırma kursu başa çatıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Benin, Burkina-Faso, Cibuti, Ekvatorial Qvineya, Kamerun, Qambiya, Qana, Qvineya, Madaqaskar, Mavritaniya, Misir və Nigerdən diplomatların iştirak etdiyi proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr və işçi seminarlar təşkil olunub. Proqram çərçivəsində əcnəbi diplomatlar Azərbaycan Respublikasının Milli Məclisi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluğu, Dövlət Neft Şirkəti, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nümayəndələrinin, eləcə də ADA Universitetinin peşəkar müəllim heyətinin mühazirələrində iştirak ediblər.
Proqramın oktyabrın 16-da keçirilən bağlanış mərasimində iştirakçılara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi son təxribatlar, davam edən informasiya müharibəsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib.
İxtisasartırma kursunu başa vuran diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan məmnunluqlarını bildirib, burada əldə etdikləri bilik, bacarıq və təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını vurğulayıblar.

Siyasət 2020-10-21 15:59:00