×
A
A
A
Sazlamalar

İndoneziyanın “X Channel Radio” kanalının dinləyiciləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Cakarta, 21 oktyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, 1994-cü ildə tərəflər arasında elan edilmiş atəşkəs rejimindən sonra ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticəsiz qaldığını xatırladan səfir Ermənistan tərəfinin atəşkəsi dəfələrlə pozduğunu bildirib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, işğal altındakı bütün torpaqlardan çıxarılmasının tələb olunmasına baxmayaraq, işğalçı ölkə bu tələbləri hələ də yerinə yetirməyib.
Cəlal Mirzəyev N.Paşinyanın Ermənistanın baş naziri təyin olunmasından sonra ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini qeyri-adekvat açıqlamaları ilə pozduğunu da vurğulayıb. Bununla yanaşı, səfir bildirib ki, cari il iyulun 12-dən 16-dək Ermənistan ordusu Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçərək, əlavə torpaqlar ələ keçirmək istəyib.
Ermənistanın son təxribatının sentyabrın 27-də baş verdiyini xatırladan səfir bununla da döyüşlərin alovlandığını, baş verən qanlı müharibənin əsl səbəbkarının Ermənistan rəhbərliyi olduğunu vurğulayıb. Ermənistanın ordusunun Azərbaycana növbəti hücum cəhdinə Silahlı Qüvvələrimiz tərəfindən əks-hücumla cavab verildiyini bildirib.
Diplomat, həmçinin münaqişənin davam etdiyi müddətdə iki dəfə humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfinin buna riayət etmədiyini, məhz bu ölkənin təxribatları nəticəsində atəşkəsin pozulduğunu və döyüşlərin yenidən davam etdiyini söyləyib. Ermənistan ordusunun döyüşlərin davam etdiyi ərazilərdən çox uzaqda yerləşən və dinc əhalinin yaşadığı ərazilərimizi hədəfə aldığı, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi və digər şəhərlərini artilleriya atəşinə tutduğu, bu amansız hücumlar nəticəsində 60-dan çox mülki şəxsin həlak olduğu, 270 nəfərin yaralandığı dinləyicilərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, onların arasında körpə uşaqların, qadınların və yaşlı insanların da olması Ermənistan dövlətinin barbarlığını, faşist siyasətini təsdiq edir. Qeyd edilib ki, bu hücumlar nəticəsində çoxsaylı infrastruktur və mülki obyektlər də ziyan çəkib.
Proqram çərçivəsində aparıcıların və dinləyicilərin sualları da ətraflı cavablandırılıb. “Bu müharibənin başa çatması üçün nə olmalıdır” sualına cavab verən səfir bildirib ki, Azərbaycan sülhsevər, tolerant və multikultural dəyərlərə sahib olan bir ölkədir. Hazırda Azərbaycan dövləti və xalqı öz torpaqlarının azad edilməsi və suverenliyinin bərpası istiqamətində haqlı mübarizə aparır. Ermənistan ordusunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin şərtlərini yerinə yetirərək, işğal altında saxladığı Azərbaycan torpaqlarını tam, dərhal və qeyd-şərtsiz tərk etməsi müharibənin dayanması üçün kifayət edər. Səfir bundan sonra bölgədə sülhün tamamilə bərqərar olunacağına inandığını vurğulayıb.
Müsahibənin sonunda diplomat İndoneziya vətəndaşlarını Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası uğurundakı mübarizəsini dəstəkləməyə çağırıb.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Siyasət 2020-10-21 15:48:00