×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisası açılıb

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisası açılıb. Bu, Naxçıvan ali təhsilinin tarixində ilkdir.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2020-2021-ci tədris ilində ingilisdilli ixtisasa 12 yerli və 3 nəfər əcnəbi olmaqla, 15 tələbə qəbul olub.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ingilis dilində tədrisin aparılacağı İqtisadiyyat ixtisası İqtisadiyyat və idarəetmə fakültəsinin bazasında yaradılıb. Burada dərs deyən müəllimlər mövcud müəllim potensialı ilə bərabər xaricdə yüksək təhsil almış məzunlar hesabına təmin edilib.
Rektor bildirib ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingilis dilində ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib. Ali təhsil ocağının mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir. Universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə ixtisasların fəaliyyətə başlamasını zəruri edir.
Qeyd edək ki, gələcəkdə müəllim və tələbələrin akademik mobillik proqramı çərçivəsində NDU-nun Avropa universitetləri ilə əməkdaşlığı əsas prioritet kimi müəyyənləşdirilib. Ali təhsil ocağının mövcud imkanları gələcəkdə bu ixtisasların sayının artırılmasına tam zəmanət verir. Universitet məzunlarının karyera imkanlarının dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.

Regionlar 2020-10-21 14:58:00