×
A
A
A
Sazlamalar

Real siyasi mənzərə təsdiqlədi ki, Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti bariz nümunəsidir

Bakı, 21 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Xudafərin körpüsü üzərində oktyabrın 18-də üçrəngli bayrağımızın dalğalandırılması qürur hissi doğurur. Azərbaycan-İran sərhədində sərhəd-keçid məntəqəsinin yaradılması hərbi baxımdan strateji əhəmiyyət kəsb etməklə yanaşı, mühüm siyasi və sosial-iqtisadi hadisədir. Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində 27 ildən çox idi ki, Azərbaycanı İranla birləşdirən, Araz çayı üzərində salınmış Xudafərin körpüsündə sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanmışdı. Nəticədə həmin əraziyə nəzarətin işğalçılarda olması Azərbaycanın özünün iqtisadi-siyasi qərarlarını icra etməyə imkan vermir, iqtisadi-ticari layihələrə mane olur, xüsusilə də bu ərazidə İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinin, bölgənin sosial-iqtisadi tərəqqisi ilə bağlı planların həyata keçirilməsinin qarşısını alırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın çoxşaxəli enerji siyasətinin mühüm istiqamətlərindən biri qonşu İranla energetika sahəsində mühüm layihələrin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə 2016-cı ilin fevralında Tehranda Azərbaycan ilə İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair saziş imzalanıb. 2016-cı ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş həmin sazişə əsasən, iki ölkə arasında qarşılıqlı energetika layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti həmin sazişin icrasına mane olurdu.
“İndiyə qədər bəzi siyasi və ictimai qüvvələr sanki Azərbaycan torpaqlarının erməni işğalında daimi qalacağına dair sərsəm iddialarla çıxış edərək, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin ölkəmizin siyasi-iqtisadi maraqlarına uyğun olmadığını, Ermənistanın mənafeyinə xidmət etdiyini düşünürdülər. Guya bu layihələr işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək və bizim dövlətin milli maraqlarına xidmət etməyəcəkdi. Həmin sazişin detallarını oxuduqda açıq şəkildə aydın olurdu ki, İran və Azərbaycan hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcək. Beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib edilmiş sazişdə hər iki tərəfin maraqları eyni dərəcədə qorunurdu”, - deyən Aydın Hüseynov qeyd edib ki, müqavilənin tənzimlədiyi bütün məsələlərdə Azərbaycan və İranın bərabərhüquqlu fəaliyyət göstərməsi öz əksini tapıb. Sazişin preambulasında göstərilir ki, tərəflər BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir. Ancaq Azərbaycan dövlətinin uğurlarına hər zaman kölgə salmağa çalışanlar anlamırdılar ki, erməni işğalı müvəqqəti xarakter daşıyır, ölkəmizin öz doğma torpaqlarını erməni terrorizmindən tamamilə azad edəcəyi gün lap yaxındadır.
“Cəsarətsiz və saxta erməni mifinin təsirinə düşən bu siyasi qüvvələr artıq yanıldıqlarını başa düşürlər. Azərbaycan dövlətinin gücü və əzminin, Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasətinin, rəşadətli Azərbaycan Ordusunun qüdrəti qarşısında Ermənistanın və onun havadarlarının darmadağın olacağını indi etiraf etməkdədirlər. İndi onlar Azərbaycan Prezidentinin həqiqətən necə uzaqgörən və nikbin olduğunu, müdrik qərarlar qəbul etməklə gələcək strateji addımlar və milli mənafeyimizə xidmət edən siyasətin möhkəmlənməsi üçün möhkəm təməllər yaratdığını heyranlıqla müşahidə edirlər. Bir müddət əvvəl hökuməti əsassız tənqid edən, yersiz ittihamlarla özlərini gülünc vəziyyətə salan “siyasilər”, “iqtisadçılar”, “mütəxəssislər” Azərbaycan-İran sazişinin Ermənistan üçün bağlandığı kimi cəfəng fikirlərini səsləndirdiklərinə görə indi peşman olublar. Azərbaycan hökumətinin, onun güclü lideri İlham Əliyevin hər şeyi necə dəqiqliklə, uzaqgörənliklə təhlil edib məharətlə atdığı bütün addımların yalnız milli mənafeyimizə, xalqımızın maraqlarına xidmət etdiyi hər kəsə aydındır. Prezident İlham Əliyev bəyan etdiyi kimi, biz nəyi və nə zaman həll edəcəyimizi yaxşı bilirik. Xudafərin üzərində inşa olunan elektrik stansiyası və hidroqovşaq, digər layihələrin həyata keçirilməsi Azərbaycan və İran arasında gələcək iqtisadi-siyasi münasibətlərin yeni bir fazası kimi müdrikliklə proqnozlaşdırılıb”, - deyə deputat bildirib.
Aydın Hüseynovun sözlərinə görə, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının dalğalanması bir daha təsdiq etdi ki, qeyd olunan sazişi imzalamaqla Azərbaycan dövləti qarşıya qoyduğu bütün məqsədlərə çatmağı tam qətiyyətlə bacaran və regionda və dünyada nüfuzu olan güclü dövlətdir. Heç bir kənar təsir Azərbaycanın iradəsinə mane ola bilməz, Azərbaycan özü regionun siyasi proseslərini nizamlayan qüdrətli ölkədir. Beləliklə, real siyasi mənzərə təsdiqlədi ki, Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və güclü siyasətçi, strateq kimi yaxın dövrdə baş verə biləcək prosesləri həddindən artıq dəqiqliklə təhlil etdiyini, siyasi-hərbi vəziyyəti əsil dahi siyasi xadim kimi proqnozlaşdırmaq istedadını nümayiş etdirdi.
“Sual yarana bilər ki, Xudafərinin işğaldan azad edilməsinin Azərbaycan üçün hansi iqtisadi-siyasi, mədəni əhəmiyyəti olacaqdır? İlk növbədə, onu vurğulamaq lazımdır ki, Xudafərinin azad olunması hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxmasıdır. On əsrə yaxın tarixi olan bu mədəniyyət abidəsinə sahib olmaqla Azərbaycan özünün qədim şərəfli tarixini daha da zənginləşdirdi. Xudafərin körpüsü və Araz çayı üzərindəki layihələr İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək”.
Deputatın sözlərinə görə, bu layihələrin icrası işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Həmin ərazilərdə münbit torpaqlarda kənd təsərrüfatı, emal və yüngül sənaye üçün güclü iqtisadi resurslar, mənbələr mövcuddur. Hidroqovşaqlar, su anbarı həmin bölgənin su təminatında mühüm rol oynayacaq, ölkəmizin meliorasiya ilə bağlı planları tam həllini tapacaq. Bundan başqa, həmin ərazidə on minlərlə insanın məşğulluq problemini həll edəcək, minlərlə insan iş yerləri ilə təmin olunacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan özünün energetika siyasətində də yeni imkanlar əldə edəcək, enerji gücləri artacaq, Azərbaycanın elektrik enerjisi ixrac edən ölkə kimi mövqeyi daha da güclənəcək.
“Azərbaycanı və İran arasında yeni sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpası ticarət əlaqələrinin artmasına da müsbət təsir edəcək. Xatırladaq ki, iki ölkə arasında əldə olunmuş razılığa əsasən, Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, tikinti zonasında müvəqqəti avtomobil yollarının inşası, həmçinin asfalt-beton örtüklü daimi yolların salınması da nəzərdə tutulub. Bu isə yeni infrastrukturların qurulması sayəsində ölkələrimiz arasında yeni ticarət əlaqələrinə yol açacaq, həmin bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq”, - deyə Aydın Hüseynov fikirlərini yekunlaşdırıb.

Siyasət 2020-10-21 13:14:00