×
A
A
A
Sazlamalar

Səudiyyəli nazir: “OPEC+” qeyri-müəyyən tələbat fonunda daha təşəbbüskar olmalıdır

Bakı, 21 oktyabr, AZƏRTAC

OPEC-ə üzv və qeyri-OPEC ölkələri (“OPEC+”) qeyri-müəyyən tələbat fonunda daha təşəbbüskar olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman deyib.
Qeyd edək ki, “OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.

Neft - qaz 2020-10-21 12:56:00